Ekonomiks 14:35 07.06.2022

AZAL-ın ziyanla işləməsinin "sirri"

Amal Abuşov

AZAL ziyanla işləyir. Bu cümləni hər ilin yekununda eşidirik. Sözsüz ki, inanmırıq. Amma bizim inanıb-inanmamağımız heç nəyi dəyişmir. Onlar da bu "zərəri" bizdən çıxarırlar.

Bəs, AZAL nə üçün zərər edir? Adicə bir misal göstərim. Pandemiyadan əvvəl Bakı-Almatı-Bakı reysi vardı. AZAL "Air Astana" ilə rəqabət aparır, həftədə iki dəfə reysi yerinə yetirirdi. Pandemiyadan sonra bu reysi mart ayında açdılar və dərhal da bağladılar.

İndi "Air Astana" Almatı-Bakı-Almatı reysinin tək sahibidi. Həftədə iki dəfə bu istiqamətdə uçurlar. Tezliklə reysin sayı həftədə üç dəfə olacaq. Deməli, rentabel var, təlabat var. Bəs AZAL neyniyir? AZAL Daşkəndə reys açıb, hər gün də "Facebook"da reklama qoyur. Bəlkə mən səhv bilirəm, amma fikrimcə, Özbəkistana gediş-gəlişə təlabət heç Qazaxıstanın yarısı qədər olmaz. Həm orda yaşayan azərbaycanlıların sayı və maddi imkanları çoxdu, həm də qazaxlar özbəklərə nisbətən gəzməyə daha çox həvəslidilər. AZAL isə gül kimi reysi işlədə bilmir, "yolu" "Air Astana"ya verib....

O boyda şirkəti işlədə bilmirlər. Nə qiymət siyasəti münasibdi, nə də istiqamət seçimi. Xəbərləri yoxdusa, deyim ki, təxminən 20 il əvvəl "İmair" şirkəti Bakı-Daşkənd-Almatı reysini uğurla yerinə yetirirdi. Yəni ki, istəyəndə bir güllə ilə iki dovşan vurmaq, bir təyyarə ilə iki reys yerinə yetirmək olar. Yəni ki, istəyəndə...