Siyasət 12:40 19.05.2023

Azərbaycan diasporu fəaliyyətini daha çox bu istiqamətə yönəltməlidir (ŞƏRH)

(Yazı "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusu üzrə hazırlanıb) 

Son illər Azərbaycanda diaspor quruculuğu, lobbiçilik fəaliyyəti sahəsində müəyyən irəliləyişlər əldə edilib. Müəyyən fəaliyyət nəticəsində Azərbaycan diasporu bir sıra dünya ölkələrində dövlətimizin maraqlarının təmin edilməsi yolunda mühüm nailiyyətlər qazanıb. 

Bunun nəticəsidir ki, bir sıra ölkələr Azərbaycanın bəzi məsələlərdə haqq səsinə səs verərək, ona dəstək olublar. Bu xüsusda əsasən də Latın Amerikası ölkələri seçilir. Belə ki, Meksika, Panama, Honduras, Kolumbiya, Peru, Qvatemala Xocalı soyqırımını rəsmən tanıyıblar. Bundan başqa 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Amma maraqlıdır ki, Azərbaycan diasporu dünyanın bir sıra məntəqələrində aktiv olsa da, əsas güc mərkəzi hesab olunan Qərb dünyasında, Avropada hələ də onun fəaliyyətinin nəticələri ciddi sezilmir. Azərbaycan diasporu hələ də Avropada zəif mövqedə qalmaqda davam edir. 

Qaynarinfo-ya açıqlama verən Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynovun fikrincə, diasporumuzun Qərb dünyasında aktiv rol oynaya bilməməsi bir sıra xarici və daxili faktorlarla bağlıdır:  
 


"Azərbaycan diasporunun dünyanın müxtəlif qütblərində fəaliyyət göstərməsi, ölkələrlə əməkdaşlıq və işgüzar münasibət qurması yaxşı təşəbbüsdür. Hər halda hər bir ölkənin özünəməxsus müəyyən üstünlük və imkanları var. O baxımdan da bu ölkələrlə əlaqələrin qurulması müəyyən önəm kəsb edir. Amma fikrimcə, burada daha önəmlisi diaspor təşkilatlarımızın dünyanın aparıcı güc mərkəzlərilə əlaqələr qurmasıdır. Hər kəsə bəllidir ki, bu güc mərkəzləri də demokratik dəyərlərin daşıyıcısı olan Avropa qitəsi, ABŞ və Kanadadır. Çox istərdik ki, xaricdəki lobbi fəaliyyətimiz əsasən məhz bu ölkələri əhatə etsin. Təəssüf ki, bu istiqamətdə diasporumuzun fəaliyyəti qənaətbəxş deyil”. 

Həmsöhbətimiz qeyd edir ki, dünyanın əsas güc mərkəzini Qərb ölkələri təşkil edirsə, ideoloji əsaslar və ictimai rəyin formalaşmasında bu məkan aparıcı rolda çıxış edirsə, o baxımdan Azərbaycan diasporu da öz gücünü daha çox məhz həmin ölkələrlə əməkdaşlığa yönəltməlidir, nəinki üçüncü ölkələrə:

"Qərblə təmasların zəif olmasına bir sıra amillər təsir göstərir. Burada sözsüz ki, erməni lobbisinin bu ölkələrdə güclü iş aparması, həmin ölkələrin qərarverici şəxslərinin rəyinin dəyişməsinə təsir göstərməsi kimi amillər aparıcı rol oynayır. Amma diaspor fəaliyyətimizin Avropada zəif olmasının səbəbi xarici faktorla yanaşı daxili faktorlarla da bağlıdır. Əsas məsuliyyəti özümüzdə axtarmalıyıq. Bu istiqamətdə Azərbaycanın Avropa ölkələrindəki səfirlikləri, dövlətin maliyyəsilə dəstəklənən qeyri-dövlət qurumlarının fəaliyyəti də yetərincə deyil. Fikrimcə, məsələyə yenidən baxılmalı, Avropada fəaliyyət göstərən səfirliklərin, diasporun fəaliyyəti təhlil edilməlidir. Həmin təhlildən irəli gələn nəticələrdən çıxış edərək də Qərb dövlətlərində diaspor fəaliyyətimizi gücləndirməliyik. 

Yəni diasporumuz əsas diqqəti Afrika, Orta Asiya və Latın Amerikasının üçüncü dərəcəli ölkələrinə deyil, resursları dünyada ictimai rəyi formalaşdıran Avropa qitəsinə yönəltməlidir. Diasporumuzun Avropa ölkələrilə təmaslarının yetərincə olmaması həm də beynəlxalq müstəvidə ölkəmiz barədə müsbət imicin formalaşmasına imkan vermir, müəyyən dərəcədə onun imicini kölgə altına alır. Ona görə də diaspor təşkilatlarımız və hökumət öz diqqətini daha çox Avropa məkanı ilə təmaslara yönəltməlidir”.
 
Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.