Ölkə 16:56 08.08.2022

Azərbaycan məktəbliləri Londonu fəth etdi: 7 qızıl, 6 gümüş, 13 bürünc (VİDEO)

Azərbaycan komandası məktəblilər arasında keçirilən Teenagle - Beynəlxalq İngilis Dili Olimpiadasının final mərhələsində böyük uğurla təmsil olunub.

İngiltərənin paytaxtı Londonda 31 iyul-7 avqust tarixlərində keçirilən olimpiadaya 30-a yaxın ölkədən 400-ə yaxın şagird qatılıb.

Qaynarinfo-nun verdiyi xəbərə görə, 35 şagirdlə olimpiadanın finalına qatılan Azərbaycan komandası müxtəlif kateqoriyalar üzrə 7 qızıl, 6 gümüş, 13 bürünc mükafat qazanıblar. 

Bundan əlavə, ən yüksək mükafat olan Platinium medalını qazanan 3 ölkədən biri də Azərbaycan olub.

Bu gün səhər saatlarında Bakıya qayıdan məktəblilər Heydər Əliyev Hava Limanında böyük təntənə ilə qarşılanıblar.

Qeyd edək ki, Teenagle - Beynəlxalq İngilis Dili Olimpiadasının Azərbaycan üzrə təşkilatçısı "Zirvə" liseyidir.