Siyasət 13:05 06.07.2022

Azərbaycan mürəkkəb güclərin episentrində: zəifləyən Rusiya, İran, güclənən Çin... (MÜSAHİBƏ)

Azərbaycan müstəqillini bərpa etdikdən sonra bir çox beynəlxalq güclərin maraqlarının toqquşduğu məkana çevrilib. Coğrafi mövqeyinə görə rəsmi Bakı üçün çevik diplomatiya həyata keçirtmək o qədər də asan olmayıb.

Bir çox dünya güclərinin maraqları Azərbaycanda kəsişib. Belə şəraitdə müstəqil xarici siyasət yürütmək də çətinləşib. Azərbaycanın yaxın və uzaq qonşuları ilə münasibəti necə olmalıdır? Bu və digər sualları sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırır.

- İran-Azərbaycan münasibətlərində həmişə dalğavari gərginlik hökm sürüb. Tehran Bakının Qərblə əməkdaşlığına qıcıqla yanaşır, eyni zamanda Qərb və Türkiyənin Xəzərdə və bölgədə olmasını arzulamır. Amma Bakı yaxın və böyük qonşusu olan İran amilini nəzərə almaq zorundadır. Bakı Tehranla münasibətlərini necə qurmalıdır? İran Azərbaycanla əməkdaşlıqda maraqlıdırmı? 

- İran-Azərbaycan münasibətlərində qaydalar, demək olar ki, aydın təsbit olunub. Bu qaydalar təxminən ondan ibarətdir ki, İran İslam ideologiyasını, təbii ki, öz interpretasiyasında, Azərbaycana ixrac etməsin, Azərbaycan isə öz növbəsində öz ərazisini İrana qarşı təhlükə törədən siyasi davranışlar üçün mərkəzə çevirməsin. Hər iki tərəf bu qeyri-rəsmi razılaşmaya riayət edirlər. Ümumilikdə isə iki ölkə arasında iqtisadi, humanitar əlaqələr var ki, bu istiqamətdə münasibətlər yerindədir. Digər tərəfdən, həm İran, həm də Azərbaycan üçün vacib olan kommunikasiya və lojistik sahələrdə əməkdaşlıq var və bu sahədə müəyyən nailiyyətlər əldə olunub. Ümid edək ki, bu istiqamətdə işlər daha yaxşı gedəcək. Qısası, İranla Azərbaycan arasında çoxşaxəli əlaqələr mövcuddur. Doğrudur, problemlər də var. Lakin deməzdim ki, bu problemlər həllolunmaz səviyyədədir. Fikrimcə, Bakı və Tehran hər bir istiqamətdə maraqlar balansını tapmağı bacarırlar. 

- Ümumiyyətlə, İranın Azərbaycana hansı təsir imkanları var və onları zərərsizləşdirmək üçün nə etməliyik? 

- Əlbəttə, müşahidələr göstərir ki, İranın İslam ideologiyasını ixrac etmək kimi istəyi var. Söhbət təkcə Azərbaycandan getmir. Dediyim kimi, iki ölkə arasında qeyri-rəsmi razılaşma var. Amma ara-sıra belə hallar yaranır ki, hakimiyyətə gələn hansısa dairələr qaydaları pozmağa çalışırlar. Azərbaycan da təbii olaraq buna qarşıdır. Çünki Azərbaycanın öz seçdiyi siyasi yolu var və gələcəyə öz baxışları mövcuddur. 

- Rusiya da Azərbaycanın yaxın və böyük qonşusudur. Balans siyasəti uzun müddət bəhrə verə bilməz, amma Moskva ilə açıq qarşıdurma da mümkün deyil. Bəs Rusiya ilə münasibətlərdə hansı addımları atmalıyıq? Kremlin Azərbaycanı "arxa baxçası” hesab etməsi, bu cür münasibət tərzi dəyişə bilərmi? 

- Bilirsiniz, münasibətlərin dəyişməz olaraq qalması fikriylə razı deyiləm. Doğrudur, tariximizdə müxtəlif faciəli hadisələr baş verib. Amma son dövrlərdə görürürk ki, Azərbaycan-Rusiya münasibətləri düşmənçilik deyil, maraqların balansını tapmaq üslubunda inkişaf edir. Təbii ki, bu, asan proses deyil. Digər tərəfdən, ümumi mənzərəyə təsir edən yeni amillər ortaya çıxıb. Bu sırada ilk olaraq Azərbaycan-Türkiyə müttəfqiliyini göstərmək olar. Bundan başqa, Rusiya artıq Cənubi Qafqazda öz nüfuzunu itirməyə başlayıb. Artıq əski üslub, yəni, hərbi siyasi təsir üslubu işləmir. Mövcud geosiyasi vəziyyət yeni davranış qaydalarına yol açıb. Burada da məntiq ondan ibarətdir ki, tərəflər bir-birlərinin maraqlarına cavab verən sahələr tapır və həmin sahələr üzrə əməkdaşlıq edirlər. Yəni, artıq münasibətlərin xarakteri dəyişir. Qeyd etdiyim kimi, Cənubi Qafqaz ümumi təsir dairəsi olaraq Rusiya üçün ikinci plana keçir. Yaranmış boşluq müxtəlif aktorlara maraq mərkəzi kimi görünür. Bura ilk növbədə Türkiyəni daxil etmək lazımdır. Çünki həm Azərbaycan, həm də Türkiyənin müttəfqilik siyasətini yürütmək üçün istəyi var. Hər iki ölkənin ictimaiyyəti də bu siyasəti dəstəkləyir. Bu mərhələdə İranın fəallığı nəzərə çarpır. Lakin istər Türkiyə, istərsə də Rusiya İranın bölgədə fəallaşmasında maraqlı deyil. Tehrana mənfi siqnallar həm Ankaradan, həm də Moskvadan gəlir. Qərbin də fəallığını nəzərə almaq lazımdır. Beləliklə, mövcud geosiyasi şərtlər daxilində balans siyasəti yürüdürkən hər bir təhlükə ilə üzələşə bilərik. Amma bu təhlükələrin qarşısını almağa da qadirik. Çünki Azərbaycan bir dövlət kimi güclənir və ehtimal olunan təhlükələri neytrallaşdılrmaq imkan yaranır. 

- Bakı xarici siyasətində hansı amillərə diqqət etməlidir? Bugünkü diplomatiya sizi qane edirmi? Hansı düzəlişlərə ehtiyac hiss edirsiniz? 

- Bu gün Qərb və Rusiya arasında kəskin qarşıdurma var. Fikrimcə, Azərbaycan bu məsələdə neytral, daha doğrusu, gözləmə mövqeyində olmalıdır. Çünki hansısa mərhələdə həm Rusiya, həm də Qərb Azərbaycanı öz tərəfinə çəkmək istəyəcək. Təbii ki, bu, hansısa imtiyazlar müqabilində olacaq. Ona görə də bu mərhələdə gözləmə mövqeyində olmaq Azərbaycanın maraqlarına daha çox uyğundur. Digər tərəfdən, hesab edirəm ki, biz Türkiyə ilə koordinasiyalı şəkildə xarici siyasət yürütməliyik. Çünki onlar da təxminən belə mövqedədirlər. Sürətlə formalaşan Azərbaycan-Türkiyə birliyi və digər türk dövlətlərinin yaxınlaşması da bizim üçün vacib olan istiqamətdir. Yəni, əsas istiqamətlər müəyyən olunub və biz bu istiqamətlər üzrə irəliləməliyik. 

- Bakının Qərb və İsraillə münasibətləri necə qurulmalıdır? 

- Biz Qərb deyəndə kollektiv Qərbi nəzərdə tuturuq. Amma onların arasında bir sıra ölkələr mövcuddur ki, onlarla münasibət fərqli olmalıdır. Hesab edirəm ki, Böyük Britaniya, İsrail və Türkiyə əməkdaşlığı bizim üçün faydalı ola bilər. Almaniya, Fransa və digər ölkələrin isə hələ ki, bizə ciddi təklifləri yoxdur. Onlar ənənəvi olaraq ya Ermənistanın tərəfindədirlər, ya da ən yaxşı halda neytral olmağa üstünlük verirlər. O ki, qaldı ABŞ-a, Vaşinqtonun fəallığı lazımi səviyyədə deyil. Çünki onun əsas marağı Rusiya və Çinlə bağlıdır. Ona görə də ABŞ-dan hansısa fəal siyasət gözləmək doğru olmazdı. Bu baxımdan, hər bir ölkə ilə diqqətlə işləyib, münasibətlərdə özümüzün xeyrinə olan elementləri gücləndirməliyik. 

- Prezident İlham Əliyevin Özbəkistan səfəri də göstərdi ki, Bakı türk dünyası ilə münasibətlərə xüsusi önəm verir. Ankara-Bakı-Mərkəzi Asiya əməkdaşlığının perspektivini necə dəyərləndirirsiniz? 

- Bu barədə artıq bəyanatlar mövcuddur. Həm Azərbyacan, həm Türkiyə, həm də Orta Asiyadan olan ölkələr bu məsələyə isti yanaşır. Hələlik söhbət iqtisadi, humanitar sahələrdə əməkdaşlıqdan gedir. Hələ Turan ideyası tam formalaşmayıb. Buna vaxt lazımdır və nəzərə almaq lazımdır ki, Orta Asiyada Rusiya və yeni, təsir gücü kifayət qədər olan Çin və Qərb əsas oyunçulardır. Xüsusilə, Çin faktoru nəzərə alınmalıdır. Biz Pekinin təsir gücünü düzgün qiymətləndirməliyik. Təsəvvür edin, Sincan-Uyğur muxtar vilayətinin Ümumi Daxili Məhsulu (ÜDM) 220 milyard dollardır. İndi baxın, Çinin bir muxtar vilayətinin ÜDM-i Orta Asiyadakı bir çox ölkələrin ÜDM-ni üstələyir. Bu rəqəm Çinin hansı imkanlara malik olduğunu göstərir. Ona görə də Çin amili gözəardı edilməməlidir. Ümumiyyətlə, bu gün Orta Asiyada mənzərə  mürəkkəbdir. Biz az qala orada baş verən hər bir olayı Turan ideyası ilə əlaqələndiririk. Əslində isə belə deyil. Bu gün Orta Asiyada böyük güclər müxtəlif maraqlar kontekstində üz-üzə gəliblər. Yəni, dediyim kimi, mənzərə mürəkkəbdir. 

Vidadi