Siyasət 15:18 27.04.2023

"Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər çoxdur" - Politoloq

"Artıq proses başlayıb. Mərkəzdənqaçma prosesini müşahidə etməkdəyik. Sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulmasından bir gün sonra onlarla erməni Rusiya sülhməramlılarına müəyyən məbləğdə pul ödəməklə, onların vasitəsilə Qarabağı tərk edib. Bu hadisə göstərir ki, sərhəd-keçid məntəqəsinin qurulmasından sonra ermənilərin Qarabağı tərk etmələrinin qarşısını almaq mümkün olmayacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanla sərhəddə, Laçın yolunun girişində sərhəd-keçid məntəqəsinin qurulmasından sonra Azərbaycanın Qarabağ bölgəsində yaraşan ermənilərinin hansı addım atacaqlarını şərh edərkən deyib.
 
"Ancaq bu o demək deyil ki, Xankəndi və Qarabağın digər bölgələri tamamilə boşaldılacaq. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən xeyli sayda erməni var. Onların bu addımı reallaşdırmasına girovuna çevrildikləri separatçı rejim və terrorçular imkan vermir. Ancaq münbit şərait yaradılan kimi, həmin insanlar Azərbaycan vətəndaşlığını qəbul etmək üçün və Azərbaycanın şəxsiyyət vəsiqəsinə sahib olmaq arzusunu ortaya qoyacaqlar”, deyə Natiq Miri qeyd edib.



Ekspert qeyd edir ki, ermənilərin inteqrasiyası üçün ilk növbədə atılacaq addım qanunsuz erməni birləşmələrinin Qarabağdan tərksilah edilərək çıxarılmasıdır:
 
"Bundan sonra Qarabağdakı terrorçular ya qaçıb Ermənistana gedəcək, ya da Azərbaycanda həbs olunacaqlar. Ondan sonra isə inteqrasiya prosesi daha rahat gedəcək”. 

Həmsöhbətimiz bildirir ki, sərhəd keçid məntəqəsinin yaradılmasından sonra növbəti addım olaraq gömrük strukturunun yaradılması da baş verəcək: 

"Bundan sonra artıq həmin məntəqədə pasport rejimi tətbiq olunacaq. Yəni Qarabağdan Ermənistana gedən şəxsin geri qayıdarkən Azərbaycana buraxılmasında problem yaşanacaq. Çünki Azərbaycan pasportunu daşımayan erməni Qarabağa gəlmək üçün Bakıdan razılıq və viza almalıdır. Bu baxımdan, inteqrasiya prosesi ya sürətlənəcək, ya da Qarabağ ermənilərinin əksəriyyəti oranı tərk edəcək”. 

Qeyd edək ki, Azərbaycanın Ermənistanla sərhəddə, Laçın yolunun girişində sərhəd-keçid məntəqəsi qurması fonunda artıq Xankəndidəki separatçılar əvvəlki tək qanunsuz əməllərə yol verə bilməyəcəklər. Onlar öz çirkin niyyətlərini həyata keçirmək üçün daha rahat şəkildə gedib-gələ bilməyəcəklər. Bu fonda da əksər erməninin Qarabağı, Xankəndini boşaldacağı gözlənilir. 

Rüfət Sultan