Ekonomiks 13:31 01.05.2023

Azərbaycanda hava şəraiti ilə əlaqədar təsərrüfatlara dəymiş zərər hesablanır

Aqrar Sığorta Fondu (ASF) hava şəraiti ilə əlaqədar təsərrüfatlara dəymiş zərəri müəyyənləşdirməyə başlayıb.

Bu barədə Qaynarinfo-ya Fonddan bildirilib.

Məlumata görə, həftəsonu hava şəraitinin kəskin dəyişməsi, atmosfer yağıntılarının mövsümi normadan artıq düşməsi nəticəsində respublikanın bəzi bölgələrində dolu, sel, subasma halları qeydə alınıb. Baş verən təbiət hadisələri nəticəsində bəzi fermerlərin təsərrüfatlarına zərər dəyib.

Baş verən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş fermerlərin müraciətləri müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır. Hazırda ekspertlər hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.

Fond təsərrüfatlarını sığorta etdirmiş fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı ona müraciət etməyə çağırıb, eyni zamanda indiyə qədər dövlət dəstəkli aqrar sığorta mexanizmindən istifadə etməyən fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edib.

Fermerlər təsərrüfatlarına dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini rəsmiləşdirə bilərlər.