Ölkə 17:54 23.02.2022

Azərbaycanda vəzifəli şəxsin qardaşı atəş açdı, bir nəfər xəsarət aldı (TƏFƏRRÜAT)

İmişli rayon Bəhrəmtəpə qəsəbə bələdiyyəsinin sədri İman İbrahimov qardaşı, 1981-ci il təvəllüdlü Xalid İbrahimovun adam güllələnməsindən danışıb.

Bələdiyyə sədri Qaynarinfo-ya açıqlamasında bildirib ki, qardaşı rayonda sahibkar kimi fəaliyyət göstərib: "Onun mübahisə etdiyi adam da sahibkardır və rayonda "karyer” işlədir. Aralarında alqı-satqı mübahisəsi səbəbindən dava-dalaş olub.

Qardaşım Xalid İbrahimov mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə asfalt örtüyünə atəş açıb. Güllənin qırması dalaşdığı adama deyil, Sərxanlı kənd sakini Namiq Xankişiyevin ayaq nahiyəsinə dəyib. Onun vəziyyəti normaldır və ciddi xəsarəti yoxdur. Hazırda polis araşdırma aparır”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Nazirlikdən bildirilib ki, İmişli rayon polis şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbə sakini X.İbrahimovun tüfənglə Buludlu kənd sakini N.Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

X.İbrahimov saxlanılıb və ondan müvafiq sənədləri olan "İJ-58” markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
 
Əhməd