Video 17:23 12.02.2022

Azərbaycandakı məşhur şərab zavodunu kimlər dağıtdı? (VİDEO)

Ötən əsrin əvvəllərində istifadəyə verilən və məşhur Kürdəmir şərab zavodu tarixin yaddaşından silinmək üzrədir.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, yerli sakinlərə istinadən verdiyi məlumatına görə, zavod uzun müddət fasiləsiz olaraq çalışıb. Sakinlər deyir ki, hələ ötən əsrin sonlarında 10-larla yük maşını zavoda üzüm daşıyırdı. Həmin vaxtlar ərazidə yaşayan əhali burda çalışaraq ailələrinə çörəkpulu qazanıblar.

Sakinlər deyir ki, ölkədə torpaq islahatları başladıqdan sonra əkin sahələri kəndlilərin ixtiyarına verildi. Elə həmin vaxtdan sonra üzüm bağları tədricən məhv edildi. Xammal olmadığından şərab zavodu da fəaliyyətini məcburi dayandırmalı oldu. Böyük bir əraziyə malik olan zavodun həyətində indi cəmi 3 ailə yaşayır, avadanlıqdan isə demək olar ki, heç nə qalmayıb.

Ərazidə yaşayan sakinlərin zavodun bərpa edilərək yenidən işə salınmasını istəyirlər.

Maraqlıdır, görəsən sakinlərin bu arzusu reallaşa bilərmi? Yəni şərab zavodunun əvvəlki şöhrətini özünə qaytarmaq mümkündürmü?

Suallarımıza cavab tapmaq üçün Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli şifahi olaraq bildirdi ki, ərazi özəlləşdirilib. Buna görə də, bizim səlahiyyətimizdə olan məsələ deyil.

Ərazini özəlləşdirən Məhəmməd adlı şəxslə əlaqə saxladıq. Bildirdi ki, 1901-ci ildən təxminən 90 il müddətində obyekt şərab zavodu kimi fəaliyyət göstərib. Hazırda tamamilə uçulub, dağılıb. Məhəmməd adlı şəxs onu da qeyd etdi ki, ərazinin gələcəkdə şərab zavodu və yaxud başqa məqsədlər üçün istifadəsi nəzərdə tutulmayıb.

Belə... Bir vaxtların məşhur şərab zavodu elə beləcə tarixin yaddaşına köçməyə davam edəcək.