Dünya 15:54 25.01.2023

Bakı kəndində “Vaqner”çilərin basdırıldığı məzarların sayı 7 dəfə artıb

Yevgeni Priqojinin şəxsi hərbi şirkətinin döyüşçülərinin dəfn olunduğu Krasnodar diyarında məzarların sayı noyabrın 24-dən yanvarın 24-dək təxminən yeddi dəfə artıb. İndi qəbiristanlığın Qoryaçi Klyuç bölgəsindəki Bakı kəndində vaqnerçilərə ayrılan hissəsində 170-ə yaxın məzar var.

Qaynarinfo xəbər verir ki, "The New York Times” qəzeti peyk şəkillərini, qəbiristanlıqdan videogörüntüləri təhlil edib və dekabrda dəfnləri ilk dəfə kəşf edən Krasnodar fəalı Vitali Votanovski ilə danışıb.

Bundan əlavə, daha yüzlərlə muzdlu əsgərin yandırılmış qalıqları yaxınlıqdakı kilsədə yerləşir.

Votanovski ilk dəfə dekabrın 20-də "Tituşki v Krasnodare” teleqram kanalında qəbiristanlıqdan şəkilləri dərc edəndə orada 58 məzar olub: "Avqustun sonunda orada idik, heç bir məzar yox idi, bu, sadəcə açıq sahə idi”, - o, Krasnodarın 93.RU portalına deyib. Dekabrda gözətçi ona deyib ki, bu gün daha yeddi nəfər "Vaqner qəbiristanlığı”nda dəfn olunacaq.

Qəbirlərdən birinin üzərindəki xaçda 25 yaşlı Vadim P.-nin 2022-ci il noyabrın 19-da vəfat etdiyi göstərilib. Şəkildə o, hərbi formadadır, lakin Votanovskinin qeyd etdiyi kimi, "nə bayraqlar var, nə adminstrasiyadan əklil, nə də hərbi hissələrdən”.

Ancaq bir sürpriz var - (çələng) "Uşaqlardan".

Votanovskinin NYT-yə dediyi kimi, onun məqsədi "insanlara müharibənin ölümlə nəticələndiyini və uzaq bir yerdə və ya televiziyada deyil, bizim yanımızda olduğunu göstərməkdir”.

Votanovskinin çəkdiyi fotoşəkillər və qəzetin təhlil etdiyi videogörüntülər göstərir ki (Kremlyönlü media sonradan Priqojinin Bakı kəndində qəbirlər üzərinə gül qoyduğunu göstərib), dəfn olunanlardan ən azı 16-nın adları və doğum tarixləri məhkum olunmuş cinayətkarların siyahısında olanlarla eynidir. 

NYT qeyd edir ki, bəlkə də çoxları Baxmut və Soledar uğrunda döyüşlərdə həlak olub. Yanvarın ortalarına olan məlumata görə, ABŞ ordusu "Vaqner"in orada təxminən 4000 ölü və 10.000 yaralısı olduğunu təxmin edirdi. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin sözlərinə görə, "Vaqner”də 50 minə yaxın yaraqlı var, onlardan 40 mini həbsxanalardan cəlb edilmiş məhbuslar, 10 mini isə peşəkar hərbçilərdir.

RİA Novosti "Telegram" kanalında yerləşdirilən başqa bir videoda Priqojinin qəbiristanlıqdan təxminən 13 km aralıda yerləşən kilsəni ziyarət etdiyi görünür. Yerli sakinlər Votanovskiyə bildiriblər ki, görünür, orada vaqnerçilərin yandırılmış qalıqları basdırılır. Videoda Priqojin bunu təsdiqləyir. Kilsənin yanında əsgərlərin abidələri və kolumbarium var. NYT-nin məlumatına görə, hər birində 42 qutu olan 21 divar var. Beləliklə, ibadətgahın yaxınlığında 900-ə yaxın insan dəfn olunub.

Votanovskinin fotoşəkilləri dərc edildikdən sonra Konkord şirkətinin mətbuat xidməti Yuga.ru portalının Priqojina qəbiristanlıqla bağlı sorğusuna cavab verib: 

"Bəli, bu ərazi "Vaqner” özəl hərbi şirkətin döyüşçülərinin dəfni üçün ayrılıb. Orada, müxtəlif səbəblərə görə vəsiyyətlərində ölüm halında Qoryaçi Klyuçdakı "Vaqner”in kilsəsinin yanında dəfn olunmaq istədiklərini yazanların məzarları var. Kilsə yaxınlığında dəfn üçün yer olmadığından, Krasnodar diyarı rəhbərliyinin dəstəyi ilə Bakı kəndində bir yer ayrılıb”.

Nizami Bağırov