Siyasət 13:25 27.05.2023

Bakı və İrəvana təqdim edilən “Kişinyov sazişi” - Tərəflər hansı sənədə imza atacaq?

"Kişinyovda baza sazişinin imzalanması ehtimalı böyükdür”. 

Bunu Qaynarinfo-ya  açıqlamasında siyasi şərhçi Arif Əliyev iyunun 1-də Avropa Siyasi İcması sammiti çərçivəsində gözlənilən Azərbaycan və Ermənistan liderlərinin görüşünü şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, indiki şəraitdə Ermənistandakı daxili vəziyyət sülh müqaviləsinin imzalanmasına ciddi maneə törətmir:



"Bunun üçün ölkə liderlərinin özlərinin də təsdiqlədiyi kimi baza var, sadəcə detallar qalıb. İndi imzalanacaq saziş istənilən halda baza sazişi olacaq. Çünki qısa müddət ərzində orada bütün detalları nəzərə almaq mümkün deyil. Xüsusən də 30 illik münaqişə dövründə yığılıb qalan çoxsaylı məsələlər mövcuddur. Ona görə də Kişinyov görüşündə yalnız baza sazişinin imzalana biləcəyi ehtimalı var. 

Prosesdə əsas olan ölkələrin nümayəndələri səviyyəsində bu elan edilirsə, deməli ortada nəsə var. Sənədin özü də imzalanmağa hazırdır. Əsas tezislər kommunikasiya məsələsi idi ki, burada da razılıq əldə edilib. Habelə, suverenliyin, ərazi bütövlüyünün tanınmasıdır ki, hər iki rəhbərlik tərəfindən bu da elan olunub. Amma Moskvadakı görüş də göstərdi ki, bir qığılcım hər şeyə problem də yarada bilər. Ona görə də baza sazişinin Kişinyovda imzalanacağını tam şəkildə iddia edə bilmərik. Bir mühüm cəhət odur ki, indiki şəraitdə Ermənistandakı daxili vəziyyət sülh müqaviləsinin imzalanmasına ciddi maneə törətmir”.
 
Qeyd edək ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə açıqlamasında Azərbaycan və Ermənistan gələn həftə Kişinyovda keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində sülh sazişi imzalaya biləcəyini deyib: "Biz ümid edirik ki, 1 iyunda Kişinyovda nəhayət sülh sazişi imzalana bilər. Bu itirilməməli olan tarixi an və impulsdur”.

Xatırladaq ki, 47 dövlət və hökumət başçısının iştirakı ilə iyunun 1-də keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və  Ermənistan Baş naziri Nikol Paşinyan arasında Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf  Şoltsun iştirakı ilə yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır. 

Rüfət Sultan