Foto 15:40 25.11.2022

Bakıda bu “Audi Q5” dayanacaqdan necə oğurlanıb? (FOTO)

Bakıda avtodayanacaqdan "Audi Q5” markalı avtomobili oğurlayan 20 yaşlı gənc həbs olunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu ərazisində yerləşən dayanacaqda baş verib. 

Belə ki, 2002-ci il təvəllüdlü Bakı şəhər sakini Balaxan təxminən gecə saat 23.00 radələrində tanışı Teymur İsmayılovla birgə spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etmək istəyib. Təxminən saat 00:40 radələrində onlar dayanacağa daxil olub, Ruslan adlı gözətçidən içməyə suyunun olub-olmadığını soruşublar. Gözətçi xidməti otağa daxil olduqdan sonra Balaxan dərhal otağın divarında taxtadan asılmış avtomobil açarlarından birini götürüb. Bundan sonra gözətçinin verdiyi suyu içib, çölə çıxıb.

Həmin şəxs daha sonra açarın düyməsini basıb və onun qara rəngli "Audi Q5" markalı avtomobilə aid olduğunu görüb. Sükan arxasında oturaraq maşını çıxış hissəsində olan şlaqbauma doğru hərəkət etdirib və gözətçiyə avtomobilin qardaşına məxsus olduğunu bildirib. Dayanacaqdan çıxaraq dostu ilə şəhərin müxtəlif ərazilərində gəziblər. Onlar yuxusuz olduqları üçün avtomobili Hövsan qəsəbəsi, Hövsan yolu küçəsində saxlayıb və maşında yatıblar. Səhər təxminən saat 11.00 radələrində onları polis əməkdaşları oyadıb, bölməyə aparılıblar və bu barədə maşın sahibinə məlumat veriblər.  

Balaxan məhkəmə ifadəsində bildirib ki, avtomobili qanunsuz olaraq ələ keçirməkdə məqsədi sadəcə sürmək və daha sonra yenidən dayanacağa qaytarmaq olub.

Məhkəmənin qərarı ilə Balaxana əvvəlki cəzaları da nəzərə alınmaqla, 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Əhməd