Ölkə 16:54 18.06.2022

Bakıda liftdə vəzifəli şəxsin qızı və nəvəsi də xəsarət alıb (FOTO)

Xəbər verdiyimiz kimi, Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında "Yeni Ev 7”  Məhdud Məsuliyyətli Cəmiyyətinin tikdiyi çoxmərtəbəli binada liftin qırılması nəticəsində 4 qadın və 2 azyaşlı ağır xəsarət alıb. 

Qaynarinfo-nun məlumatına görə, liftdə xəsarət alan şəxslər arasında Azərbaycanda vəzifəli şəxsin qızı və nəvəsi də var.

Baş verən hadisə zamanı Milli Məclisin işlər müdiri Firdin Hacıyevin 1980-ci il təvəllüdlü qızı Yeganə Hacıyeva və onun övladı 2007-ci il təvəllüdlü Cəlil Hacıyev xəsarət alıb.

Firdin Hacıyev baş verən hadisəyə bakutv-yə belə münasibət bildirib: "Qızım və nəvəm axşam şəhərdən evinə dönüb. Liftə minib, 4-cü mərtəbəyə qalxarkən hadisə baş verib. Liftin trosu qırılıb, qızım və nəvəmlə bərabər liftə bir neçə nəfər (4 böyük, 3 uşaq) şaxtaya düşüblər. Qızımın ayağı sınıb, əməliyyat olunacaq. Nəvəm şükür Allaha yaxşıdır”. 

Firdin Hacıyev sözügedən binanın liftində problemin aradan qaldırılması üçün dəfələrlə müraciət etdiklərini deyib: "Demişik, lift xarabdı. Niyə düzəltmirsiz? Deyirdilər düzəldəcəyik. Hesab edirik ki liftin özündə qüsur olub. Hüquq-mühafizə orqanları mənim qızım və nəvəmdən də izahat alıblar”.
 
Əhməd