Ölkə 12:24 04.03.2022

İcra başçısına verdiyi pulların məbləğini açıqladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid dindirilib.

"Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Cəmil Musayev bildirib ki, 2003-cü ildən indiyədək İmişli RİH-də müxtəlif vəzifələrdə işləyir.

O deyib ki, V.Hacıyev İmişli RİH-in başçısı işləyən zaman ora baş mühasib təyin olunub:

"Mənə verilən vəsaitləri adbaad qeyd edirdim. Pulların hamısını da Vilyam Hacıyevə təqdim edirdim. İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə 3 milyon manat vəsait ayrılmışdı. Lakin həmin pullar 3 aya yoxa çıxdı. Təkcə 342 min manat pulu Vilyam Hacıyevə aparıb, onun Şəkər zavodunun yanında yerləşən evində şəxsən özünə vermişəm.

Eyni zamanda, vəzifə təyinatına görə pullar verilirdi. Mən də həmin pulları Vilyama təqdim edirdim. Məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatına görə 70 min manatı, rayonun Olimpiya İdman Kompleksinə rəhbər təyinatına görə 10 min manatı və s. pulları Vilyam Hacıyevə təqdim etmişəm.

2019-cu ildə isə RİH-nə 4 milyon manatdan artıq vəsait qəbul edilib və həmin pulları onun özünə vermişəm. Bunlar şəxsən Vilyamın özünə çatan vəsaitlər idi, lakin qanuni olaraq rəsmiləşdirilmirdi. Burada mənim heç bir marağım olmayıb. Bunları bütün işimi itirməmək üçün edirdim".

V.Hacıyev isə şahidin dedikləri ilə razı olmadığını söyləyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, şahid C.Musayevin cinayət məsuliyyətə cəlb olunmasını tələb edib: "Bu şəxs vəsaitləri bir başa qəbul edən olub. Lakin hələ də İmişli Rayon İcra Hakimiyyətində baş mühasib vəzifəsində işləyir".

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası martın 5-nə təyin olunub.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.