Ölkə 13:53 16.05.2021

Başçı gözləyən rayonlar...

Ölkə başçısının yeni hədəflər və yeni srategiyalar müəyyən etdiyi, dünyanın diqqətini Azərbaycana çəkməyi bacardığı bu dönəmlərdə onun "xalqa xidmət” göstərişinin ziddinə gedən rayon İcra hakimiyyətlərinin başçıları da var. Onlardan bəziləri tutduqları vəzifədən azad olunaraq dəmir barmaqlıqlar arxasına göndəriliblər. Artıq sabiq başçı statusu daşıyan həmin keçmiş səlahiyyət sahibləri hüquq-mühafizə orqanları tərəfindən rüşvət və korrupsiyada ittiham olunurlar.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən sonuncu əməliyyat-istintaq tədbirləri zamanı Alimpaşa Məmmədovun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 2 milyon 844 min manat dəyərində əmlakı 40 manata rəsmiləşdirməklə, öz sərvətlərini artırmaq üçün həyata keçirdiyi "kompleks tədbirlər”i ifşa olunub. İcra başçısının "bacarıqları” bununla məhdudlaşmadığından, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

A.Məmmədov Prezident İlham Əliyevin 28 aprel 2021-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. İllərdir başçı sarıdan zülmə məruz qalan şəmkirlilər hələ ki rahat nəfəs almaqdadır. Çünki yeni təyinat alacaq başçının hansı "bacarıq” sahibi olacağı bilinmir. İllərdir gördüklərimiz onu deməyə əsas verir ki, hətta bir çox xələflər öz sələflərinin aqibətindən dərs çıxarmırlar...

Buna qədər vəzifədən azad olunan sabiq icra başçıları təxminən eyni ittihamlarla-rüşvət, korrupsiya, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə dəmir barmaqlıqlar arasına göndəriliblər. Ötənilki əməliyyatlar zamanı Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev, İmişlinin icra başçısı Vilyam Hacıyev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov tutduqları vəzifədən azad olunublar.

Adları çəkilən sabiq məmurlar hazırda istintaq altındadırlar və barələrində araşdırma davam edir. Həbs olunan icra başçılarının bəzilərinin yerinə təyinatlar aparılsa da, hələ də boş qalan rayonlar var.

Hazırda 6 rayonda- Bakının Nizami rayonu, Cəlilabad, Göygöl, Kürdəmir, Lerik və Şəmkirdə icra başçısı vəzifəsi vakantdır.

Amma adıçəkilən rayonların heç də hamısının rəhbərləri həbs edilməyib. Bu mənada Nizami rayonunun sabiq başçısı Arif Qasımov və Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bəxti gətirənlərdəndir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "qara maskalıları”nın təşrifilə postlarını tərk etmək məcburiyyətində qalmayıblar.

Prezidentin 22 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan A.Qasımov 11 iyul 2020-ci ildə vəzifədən azad edilib.

Arif Seyidov isə 14 illik "hökmranlıqdan” sonra Prezident İlham Əliyevin 2020-ci il mayın 22-də imzaladığı sərəncamla Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi ilə vidalaşıb. 

Ağsu rayon İcra Hakimiyyətinin sabiq başçısı Vahid Tağıyev də "qara maskalılar”ın təhlükəsindən sovuşub, amma ötən il noyabrın 27-də koronavirusa təslim olub...

29 aprel 2021-ci il tarixində isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Rövşən Bağırov Ağsu rayonuna rəhbər təyin edilib. /Modern.az