Dünya 13:39 22.05.2023

Bayden ABŞ-ın F-16-ları Ukraynaya verib-verməyəcəyinə hələ qərar verməyib - Ağ Ev

Birləşmiş Ştatlar ukraynalı pilotların müasir döyüş təyyarələrində birgə təlim keçməsini dəstəkləyir, lakin bu təyyarələrin birbaşa ABŞ-dan Ukraynaya ötürülməsi ilə bağlı hələlik qərar verilməyib.

Qaynarinfo "Politico”ya istinadən xəbər verir ki, bu barədə bazar günü, mayın 21-də Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

"Düşünürəm ki, hazırda Avropalı müttəfiqlərimizin anbarlarında mövcud olan F-16-ların sayını və Konqresin bizə verdiyi pula əsaslanaraq, təmin edilə biləcək bir çox digər sistem prioritetlərinin olduğunu nəzərə alsaq, ola bilsin ki, biz daha çox üçüncü ölkələr tərəfindən qırıcıların təhvil verilməsinə diqqət yetirək, lakin prezident hələ yekun qərar verməyib”, - deyə Sallivan ABŞ-ın öz təyyarələrini Ukraynaya göndərib-göndərməyəcəyi sualına cavab verib.

Qeyd edək ki, Yaponiyada keçirilən G7 sammiti fonunda Qərb tərəfdaşları Kiyevin uzun müddətdir ki, tələb etdiyi F-16 qırıcılarının Ukraynaya verilməsi üçün koalisiya yaratmaq barədə danışmağa başlayıblar.

İlk addım ukraynalı pilotların hazırlanması olacaq. Böyük Britaniyanın baş naziri Rişi Sunak mayın 19-da ölkəsi ABŞ, Niderland, Belçika və Danimarkanın ukraynalı pilotların Qərb qırıcıları üzərində təlimində iştirak etməyə razılaşdığını açıqlayıb. Böyük Britaniya yayda təlimlərə başlayacağını vəd edir. CNN yazıb ki, birgə təlim haqqında qərar ABŞ prezidenti Co Bayden tərəfindən dəstəklənib.

Ukraynanın nə vaxt və neçə qırıcı alacağı hələ açıqlanmayıb.

Ağ Ev bildirib ki, yaxın aylarda müttəfiqlər nə vaxt, kimlər tərəfindən və neçə təyyarənin Ukraynaya təhvil veriləcəyini müəyyənləşdirməyə çalışacaqlar. Eyni zamanda qırıcılar Ukraynanın Rusiya Federasiyası ərazisinə zərbələr endirmək üçün istifadə etməməsi şərti ilə veriləcək.

Ukrayna Müdafiə Nazirliyi F-16-nın bu ilin payızında Ukraynada peyda olacağına ümid edir.

Prezident Volodimir Zelenski neçə döyüş təyyarəsinin təhvil veriləcəyini və ya nə vaxt veriləcəyini deyə bilməyəcəyini, lakin onların çatdırılmasını sürətləndirməyə çalışacağını bildirib.

Nizami Bağırov