Dünya 14:27 20.02.2023

Bayden gözlənilmədən Kiyevə gəldi (YENİLƏNİB/VİDEO)

"ABŞ Ukraynaya 500 milyon dollar məbləğində yardım paketi təqdim edəcək”.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Prezidenti Cozef Bayden fevralın 20-də Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə bildirib.

"Reuters"in məlumatına görə, Bayden Zelenski ilə görüşdə bu ölkəyə daha 500 milyon dollar yardım ayıracağını bildirib. Görüşdə Ukraynaya uzaq mənzilli raketlərin verilməsi müzakirə edilib. Baydenin Ukrayna hərbi yardımla bağlı fevralın 21-də geniş açıqlama verəcəyi gözlənilir. Yeni yardım paketinə döyüş sursatları, mərmilər, radar və tank əleyhinə sistemlər daxil olacaq.

Zelenski isə ABŞ Prezidentinə təşəkkür edib: "Prezident Bayden Kiyevə xoş gəlmişsiniz! Sizin səfəriniz bütün ukraynalılar üçün son dərəcə mühüm dəstək nümayişidir".

14.06
 
ABŞ Prezidenti Co Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Qaynarinfo xəbər verir ki, məlumatı Ukrayna mətbuatı yayıb.

Ağ Ev liderinin Kiyevə gələcəyi barədə əvvəldən heç bir məlumat yayılmayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarını Mixaylovsk meydanında qarşılayıb. Hazırda Baydenlə Ukrayna lideri arasında Kiyevin Mixaylovski kilsəsində görüş keçirilir.

ABŞ lideri həyəcan siqnalı altında müharibədə həlak olan Ukrayna müdafiəçilərinin xatirəsini yad edib.