Dünya 20:39 23.10.2023

Baydenlə Szinpinin San-Fransisko görüşünə ciddi hazırlıq gedir

Çinin xarici işlər naziri Van İnin Çin prezidenti Si Szinpinlə ABŞ prezidenti Co Bayden arasında San-Fransiskoda gözlənilən görüşə hazırlıq məqsədilə bu həftə Vaşinqtona səfər edəcəyi gözlənilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazır.

Onların sözlərinə görə, Sinin bu həftə Van İnin sammitə hazırlıq məqsədilə Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenlə görüşmək üçün Vaşinqtona göndərməsi gözlənilir.

Həmçinin bu həftə Çinin biznes, mədəniyyət və idman xadimlərindən ibarət nümayəndə heyəti bir sıra ictimai tədbirlərdə iştirak etmək üçün Nyu Yorka gedəcək.

ABŞ Dövlət Departamenti Çin xarici işlər nazirinin səfərini şərh etməkdən imtina edib, Çinin Vaşinqtondakı səfirliyi isə gündəliyi müzakirə edə bilməyəcəyini söyləyib. 

Nizami Bağırov