Dünya 16:09 25.07.2022

“Bayraktar”ın əl işi: növbəti qurban Rusiyanın "Raptor" qayığıdır

Ukrayna Silahlı Qüvvələri Rusiyanın "Raptor” tipli P-275 qayığını "Bayraktar” vasitəsilə vurub. Ruslar qayığı Rusiya Federasiyasının nəzarətində olan limanlardan birinə təxliyə etməli olublar.

Qaynarinfo bu barədə Odessa vilayəti mülki-hərbi administrasiyasının sözçüsü Sergey Bratçukun "Telegram”ına istinadən xəbər verir.


 
"İşğalçıların "Raptor” tipli P-275 qayığı "Bayraktar TB2” ilə vurularaq Rusiya Federasiyasının nəzarətində olan limanlardan birinə təxliyə edilib. Brezentin altında dəlik var, ancaq qayığın ümumi görünüşünə görə onun təmiri çox uzun vaxt aparacaq”, - deyə Bratçuk yazıb.
 


Xatırladaq ki, Niderlandda yerləşən və açıq mənbələrdən istifadə edərək hərbi texnika və silahları təhlil edən "Oryx” layihəsi Rusiya-Ukrayna müharibəsi başlayandan tərəflərin hərbi texnika və avadanlıq itkiləri barədə məlumatlar dərc edir. 

Bayraktar TB2 tərəfindən Ukraynada məhv edildiyi və ya zərərsizləşdirildiyi təsdiqlənən Rusiya hərbi texnikasının siyahısı da ayrıca verilib. Layihənin saytında qeyd edilir ki, siyahıya yalnız foto və video materiallarla məhv edildiyi təsdiq edilmiş hərbi texnika və avadanlıqlar daxildir. Bildirilir ki, ”Bayraktar TB2” PUA-larının cəlb edildiyi əməliyyatlara mümkün qədər az diqqəti cəlb etmək məqsədilə onların görüntüləri çox az yayımlanır. Bu səbəbdən də onlar tərəfindən məhv edilən hərbi texnikanın sayı siyahıda qeyd ediləndən xeyli yüksəkdir. Bu günədək siyahıda Rusiyaya aid 84 adda məhv edilmiş hərbi teknika var, o cümlədən 2 qatar, 10 helikopter və 6 gəmi.  

Nizami Bağırov