Dünya 11:28 09.03.2023

BƏƏ və Səudiyyə Ərəbistanı Kremli təcridlə hədələdi - İrana silah tədarükü

İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı son aylarda Rusiya hakimiyyətinə İrana müasir hərbi texnikanın tədarükündən imtina etmək çağırışı ilə birbaşa müraciət ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Semafor” Yaxın Şərq və ABŞ rəsmilərinə istinadən yazır

Ərəb diplomatları Moskvaya xəbərdarlıq ediblər ki, silah tədarükü Rusiyanı İranın müttəfiqinə çevirəcək və ölkəni ərəb tərəfdaşlarından təcrid edəcək.

Ərəb mənbələri bildiriblər ki, BƏƏ və Səudiyyə Ərəbistanı Rusiyaya heç olmasa İrana silah tədarükünü təxirə salmağı təklif edib.

Eyni zamanda, diplomatlar Ukraynadakı müharibə zamanı Rusiyanın özünün İran silahlarından asılılığını nəzərə alaraq, Kremlin İranın əlavə silahlanmasından imtina etməsi perspektivlərinə şübhə ilə yanaşırlar. "Düşünürəm ki, daha da pisləşəcək. Rusiya-İran münasibətləri daha da güclənəcək, çünki onların indi bir-birinə ehtiyacı var”, - danışıqlardan xəbəri olan yüksək səviyyəli ərəb rəsmisi nəşrə bildirib.

Hərbi ekspertlər Semafor-a bildiriblər ki, Rusiya təyyarələri və helikopterlərinin Tehrana çatdırılması İranın bölgədəki mövqeyini gücləndirə bilər. "İslam Respublikası Ukraynada NATO silahları və kəşfiyyat sistemləri ilə təchiz edilmiş qüvvələrə qarşı pilotsuz uçan aparatlardan zərbələr endirməkdə də dəyərli təcrübə əldə edir ki, bu da "əlbəttə ki, İranın qonşularına və ABŞ qüvvələrinə qarşı istifadə olunacaq”, - deyə ABŞ Milli kəşfiyyatı direktoru aparatının İran istiqamətinin keçmiş rəhbəri Norman Roul vurğulayıb. 

Qərb rəsmisi kəşfiyyat məlumatlarına istinadən nəşrə bildirib ki, Rusiya Ukraynada ələ keçirilən ABŞ-ın "Javelin” və "Stinger” sistemlərini artıq İrana göndərib.

Qeyd edək ki, Moskvanın Yaxın Şərqdə təcrid olunması Rusiyadan Yaxın Şərq ölkələrinə, ilk növbədə BƏƏ-yə köçənlərə təsir edə bilər. "The New York Times” dekabrda yazıb ki, Ukraynada müharibə başlayandan sonra Dubay Vladimir Putinə yaxın olanlar da daxil olmaqla varlı rusiyalılar üçün "təhlükəsiz sığınacaq” olub. Qabaqcıl müdafiə araşdırmaları mərkəzinin məlumatına görə, Rusiya prezidenti ilə əlaqəsi olan ən azı 38 iş adamı və ya məmur Dubayda dəyəri 314 milyon dollardan çox olan daşınmaz əmlaka sahibdir. Onlardan beşi ABŞ sanksiyaları altındadır.

Nizami Bağırov