Dünya 12:08 26.05.2023

Belarus Rusiyaya ukraynalı əsirlərin saxlanması üçün öz ərazisini verib - "Charter'97"

Belarus ukraynalı hərbi əsirlərin saxlanması üçün öz ərazisini Rusiyaya verib. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə belaruslu jurnalist, "Charter'97" saytının baş redaktoru Natalya Radina Radio NV-yə müsahibəsində bildirib. 

"Bizdə məlumat var idi ki, ukraynalı hərbi əsirlər üçün düşərgələr Belarus ərazisində yerləşir. Bu məlumat səlahiyyətlilər tərəfindən gizlədilib. Amma əslində təsdiqlər var idi. Bizə mənbələrdən bildirdilər ki, ukraynalı hərbi əsirlər Belarus ərazisindədir. Bəli, sonradan Rusiyaya aparıldılar. Ancaq əvvəlcə orada idilər”, - Radina bildirib. 

O, əlavə edib ki, Belarusda olan ukraynalı əsirlərin dəqiq sayını deyə bilməz, "amma Belarusun bu düşərgələr üçün öz ərazisini verməsi həqiqətdir”.

"Uşaqların oğurlanması, onların Belarusa aparılması, əsir düşərgələrinin yerləşdirilməsi faktı Belarusun bu müharibədə tam iştirak etdiyini göstərir", - jurnalist vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin aprelində Çernobıl AES-i qoruyan və 2022-ci il fevralın 24-də rusiyalılar tərəfindən əsir götürülən Ukrayna Milli Qvardiyasının döyüşçülərinin Rusiya Federasiyası və Belarus ərazisində olması barədə məlumat yayılmışdı. 

Bu barədə Ukrayna ombudsmanı Lyudmila Denisova məhbuslardan birinin həyat yoldaşına istinadən məlumat verib.

Qeyd olunub ki, ukraynalı məhbuslar, ehtimal ki, Smolensk (RF) və Braqinə (Belarus) aparılıblar.

Nizami Bağırov