Xəbər lenti

Berlində Ana dili dərsi Azərbaycan Konstitusiyasına və suverenliyə həsr olundu
Ölkə 14:56 12.06.2025

Berlində Ana dili dərsi Azərbaycan Konstitusiyasına və suverenliyə həsr olundu

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən "Xarıbülbül Azərbaycan Mədəniyyət Evi”nin təşkil etdiyi Ana dili kursunun növbəti açıq dərsi bu dəfə xüsusi bir mövzuya — 2025-ci ilin "Konstitusiya və Suverenlik İli” elan olunmasına həsr edilib.

Dərs Azərbaycan Mədəniyyət Mərkəzinin ev sahibliyi ilə baş tutub. Təşkilatçılar – mədəniyyət evinin rəhbəri Sevda Badaliouri və onun komandası – dərsi yalnız bilik ötürmək platforması deyil, həm də milli düşüncə və dəyərlərin paylaşılması məkanına çeviriblər.

Dərsi aparan müəllimə Pərvanə Aslanova iştirakçılarla Azərbaycan Konstitusiyasının mahiyyəti, suverenliyin hüquqi və mənəvi təməli, ana dilimizin milli kimliyin qorunmasındakı rolu barədə interaktiv müzakirələr aparıb. Dərs boyunca təqdimatlar, sual-cavab sessiyaları və refleksiya metodlarından istifadə olunaraq, mövzu hərtərəfli şəkildə işlənib, iştrakçılara  təqdim edilib.

Tədbirdə həmçinin iştrak edən həmyerlimiz, jurnalist Fəxrəddin Hacıbəyli  Azərbaycan konstitusiyası, dövlət süverenliyimiz, eləcə də 44 günlük Vətən müharibəsindən sonra bərpa olunan ərazilərimiz, Azərbaycanın beynəlxalq nüfuzu və dövlət quruculuğu istiqamətində atılan mühüm addımlar barədə danışıb.

Tədbirin sonunda iştirakçılar üçün bədii hissə təşkil də olunub. Azərbaycan musiqisini və mədəniyyətini Avropada təblig edən F.Hacıbəyli canlı muğam ifası ilə auditoriyaya milli musiqimizin ruhunu yaşadıb. Onun ifası dərsə emosional çalarlar qataraq, iştirakçılarda dərin təəssürat yaradıb.

Bu cür tədbirlər xaricdə yaşayan azərbaycanlıların milli mənsubiyyət duyğusunu gücləndirməklə yanaşı, dil və mədəniyyətin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->