Sənət 12:28 21.05.2022

Bir darıxmaq gəlir barmaqlarıma! (ŞEİRLƏR)

Hikmət Nikbin

Dərməyə 
gilənar xatirələri
bir darıxmaq gəlir
barmaqlarıma !
 
Axır nəfəsimin bu gecə təri,
saçı ağaran bulud,
bəs əlin hanı?
Birgə külək dərək !

Axı, 
əyninə təqvimdən rəqəmlər geyib
dünənlər sabah kimi qayıdır!

Torpaqsa ayağını öpür ağacların!
Ağaclarsa Sənə uzanır, Tanrım!
Dua kimiymiş ağaclar!

***

Ayaqlarım danışacaq
ocaqdakı külün nağılını!
Göy üzünün dolu yuxusunu
kim bilir?

Bir azdan axşam cücərəcək!
Yuyacaq
çirkli əlləri dualar!

Sənsə kirlətmə özünü, dilim!
Qopart məni dərimdən,
bir də, bir də dirilim!

Qulaq asıram ağac gözlərə :
-Kim bizi qoyub qutuya ?
-Dul anamız torpaq, pıçıldayır dənizlər .

Adını 
özümdə
saxlamaqdan
doymadım, Tanrı!