Dünya 12:21 20.05.2022

Blinken: “Rusiya milyonlarla insanın qidasını Ukraynada girov götürüb”

Amerika dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynadakı ərzaqdan silah kimi istifadə etməkdə ittiham edib.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Blinken BMT Təhlükəsizlik Şurasının iclasında deyib

Blinken bildirib ki, Rusiya Ukraynadakı ərzağı tutub saxlamaqla təkcə Ukraynanı deyil, dünyadakı milyonlarla insanı aclıq riski ilə üz-üzə qoyur. 

BMT TƏhlükəsizlik Şurasında çıxış edən Blinken Rusiyaya müraciət edərək Ukrayna limanlarını blokadadan azad etməyi tələb edib.

"Belə görünür ki, Rusiya hökuməti ərzaqdan silah kimi istifadə etməyin ona işğalla əldə edə bilmədiyini əldə etməyə - Ukrayna xalqının ruhunu qırmağa kömək edəcəyini düşünür. Milyonlarla ukraynalı və dünya əhalisinin qidası Rusiya tərəfindən konkret olaraq girov götürülüb”,- o deyib.

Rusiya və Ukrayna birlikdə dünyanın buğda ehtiyatının üçdə birini qarşılayır. Ukrayna həmçinin qarğıdalı, arpa və yağın əsas istehsalçısıdır. 

"Hər şey bu qədər məntiqsizdir. Bir tərəfdən axmaq sanksiyalar tətbiq edilir, digər tərəfdən ərzaqla təmin etmək tələbləri irəli sürülür. Belə olmur, biz idiot deyilik”,- Dmitri Medvedev teleqram kanalında yazıb.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia ittihamları tamamilə əsassız adlandırıb. 

"Qlobal ərzaq tədarükü azaldıqca və qiymətlər sürətlə qalxdıqca, təxminən 20 milyon ton taxıl Ukraynada istifadə edilməmiş vəziyyətdə qalır",- Blinken deyib.

Nurlan Hüseynov