Dünya 23:10 27.05.2022

Blinken Rusiyanın Ukraynaya təcavüzünə baxmayaraq, “ən böyük təhdid Çindir” dedi

Rusiyanın Ukraynaya təcavüzünün gündəmdə olmasına baxmayaraq, beynəlxalq nizama ən ciddi uzunmüddətli təhdid Çindir.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Entoni Blinken Corc Vaşinqton Universitetində çıxışında deyib.

Blinken çıxışında Çinlə rəqabətin güclənməsi fonunda Birləşmiş Ştatların Çinə qarşı çoxşaxəli strategiyasını açıqlayıb.
 
"Bayden administrasiyasının strategiyasını üç sözlə yekunlaşdırmaq olar: investisiya qoymaq, müttəffiqlik və rəqabət", - Blinken deyib. 

"Biz burada öz gücümüzün təməllərinə – rəqabət qabiliyyətimizə, innovasiyamıza, demokratiyamıza sərmayə qoyacağıq. Biz səylərimizi ümumi məqsəd və ümumi amalla fəaliyyət göstərən müttəfiqlərimiz və tərəfdaşlarımız şəbəkəsiylə birləşdirəcəyik və bu iki əsas aktivdən istifadə edərək, maraqlarımızı müdafiə etmək və gələcəyə baxışımızı qurmaq üçün Çinlə rəqabət aparacağıq”,- dövlət katibi bildirib. 

ABŞ-ın yüksək səviyyəli diplomatı vurğulayıb ki, Vaşinqton Pekinin "böyük güc” rolunu əngəlləmək niyyətində deyil, onun dediyinə görə, ABŞ qlobal sabitliyi qoruyan və Çinin özünün yüksəlişini təmin edən "qaydalara əsaslanan nizam” adlandırılan şeyi qorumağa çalışır.

"Biz münaqişə və ya yeni soyuq müharibə axtarmırıq. Əksinə, biz hər ikisindən qaçmaqda qərarlıyıq”, - Blinken bildirib.

Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Reuters xəbər agentliyinə bildirib ki, iki ölkə "geniş ümumi maraqlar və dərin əməkdaşlıq potensialına” malikdir və rəqabət Çin-ABŞ münasibətlərinin ümumi mənzərəsini müəyyənləşdirilməsində istifadə edilməməlidir”.

Münasibətlərin "kritik yol ayrıcında” olduğunu deyən Liu Penqyu "Çin və ABŞ-ın əməkdaşlıqdan qazanacağını, qarşıdurmadan isə itirəcəyini” bildirib. 

ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Szinpinq 2021-ci ilin noyabrında virtual danışıqlar aparıb, mart ayında isə yenidən danışıblar. 

"Ümid edirik ki, ABŞ tərəfi iki liderin kommunikasiyanı artırmaq, fikir ayrılıqlarını idarə etmək və əməkdaşlığa diqqət yetirmək üçün əldə etdiyi ümumi anlaşmanı ciddi şəkildə həyata keçirmək üçün Çinlə işləyəcək”,- səfirliyin sözçüsü Reuters-ə deyib.

Son bir neçə ildə Vaşinqton və Pekin arasındakı münasibətlərdə Donald Tramp dövründə xarici siyasətdə Çinlə strateji rəqabətə üstünlük verən siyasi xəttin Bayden tərəfindən tam şəkildə mənimsənilməsindən sonra artan gərginlik müşahidə edilib. 

Bayden administrasiyası keçən il Avstraliyanı nüvə enerjisi ilə işləyən sualtı qayıqlarla təchiz etmək üçün Böyük Britaniya ilə müqavilə bağlayıb. 

Bayden həmçinin Hindistan, Avstraliya və Yaponiya ilə Asiya-Sakit Okean Dördlü ittifaqını canlandırıb və bu həftənin əvvəlində Tokioya səfəri zamanı ölkələrin liderləri ilə görüşüb.

Mayın əvvəlində ABŞ həmçinin Vaşinqtonda Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) liderlərinin sammitini keçirib. 

Amerika Çini ən son Baydenin Tayvanla bağlı açıqlaması ilə qıcıqlandırıb. Bayden Çin güc yolu ilə adanı ələ keçirməyə çalışarsa, ABŞ-ın Tayvana hərbi yardıma gələcəyini deyib.

Münasibətlərdəki başqa bir prolemli məsələ isə ABŞ-ın Çinin insan haqları vəziyyətini tənqid etməsidir. 2021-ci ilin son günlərində Tramp administrasiyası Çini qərb bölgəsində uyğur müsəlman əhalisinə qarşı soyqırım törətməkdə ittiham edib və bu qərar Bayden və onun xarici siyasət komandası tərəfindən dəstəklənib.
 
Nurlan Hüseynov