Dünya 11:45 08.08.2022

Blinkendən Rusiyaya Gürcüstanla bağlı çağırış

ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Gürcüstana təcavüzünün 14-cü ildönümündə Vaşinqtonun bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Qaynarinfo bu barədə ABŞ Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Dövlət katibi ölən və yaralanan Gürcüstan vətəndaşlarının xatirəsini ehtiramla yad etməklə yanaşı, Rusiyanın işğalı altında olan Abxaziya və Cənubi Osetiyada on minlərlə gürcü vətəndaşının onilliklər boyu didərgin düşdüyünü, əziyyət çəkdiyini və yoxsulluq içində yaşadığını bildirib.

Blinkenin fikrincə, Rusiyanın Ukraynaya əsassız müdaxiləsi Gürcüstan və Ukrayna xalqları arasında həmrəylik ehtiyacını ikiqat artırıb.

Dövlət katibi əlavə edib ki, Gürcüstan xalqı Rusiyanın aqressiv hərəkətlərinin çoxsaylı problemlər və dağıntılar gətirdiyini yaxşı bilir.

O daha sonra bəyan edib ki, Moskva 2008-ci il atəşkəs müddəalarına əsaslanan öhdəliklərinə, o cümlədən öz qüvvələrini müharibədən əvvəlki mövqelərə qaytarmaq və humanitar yardımı asanlaşdırmaq kimi öhdəliklərə əməl etməlidir.

Blinkenin sözlərinə görə, Rusiya Abxaziya və Cənubi Osetiyanın tanınmasını da ləğv etməli və bu bölgələrdən qaçqın düşmüş yüz minlərlə insanın öz evlərinə təhlükəsiz qayıtmasına imkan verməlidir.

M.Arif