Dünya 11:47 19.09.2022

BMT baş katibindən Ukrayna və Rusiya çağırış: “Hamını hamıya...”

BMT-nin baş katibi Antonio Quterreş Ukrayna və Rusiyanı "hamını hamıya” formatında genişmiqyaslı hərbi əsir mübadiləsi aparmağa çağırıb və iki dövlət arasında sülhə nail olmaq üçün şəraitin olmadığını bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna RİA Novosti-yə müsahibəsinə istinadən məlumat yayıb.

"Əsirlərin dəyişdirilməsi müsbət haldır. Bu, əsirlərin özlərinin, onların ailələrinin iztirablarını azaldır. Mənim ifadə etdiyim mövqe budur ki, bu bu qədər insanın həyatında olan dramı aradan qaldırmaq üçün ideal "hamını hamıya" formatında dəyişmək olardı”, – BMT-nin baş katibi deyib. 

Eyni zamanda o, BMT-nin əsirlərin genişmiqyaslı dəyişdirilməsinə yardım edə biləcəyini istisna etməyib.

"Adətən biz əsirlərin dəyişdirilməsində iştirak etmirik - bu, BQXK-nın preroqatividir. Təbii ki, biz istərdik, Rusiya və Ukrayna bununla bağlı mümkün qədər geniş razılaşma əldə edə bilsin", - Quterreş əlavə edib.

BMT-nin baş katibi hesab edir ki, Rusiya və Ukrayna sülhə nail olmaq üçün şərait yaratmaqdan uzaqdır. Onun fikrincə, belə şəraitdə prezidentlər Vladimir Putin və Volodimir Zelenski arasında danışıqlar aparmaq çətindir.

"Düşünürəm ki, BMT Nizamnaməsinə, beynəlxalq hüquqa uyğun olaraq sülhə nail olmaq üçün şərait yaratmaq vacib olardı, amma real düşünsəniz, məncə, biz hələ də bu imkandan uzağıq və yəqin ki, iki prezident arasında birbaşa danışıqlar aparmaq çətin olacaq" , - o deyib.

BMT-nin baş katibi qeyd edib ki, o, danışıqları asanlaşdırmaq üçün "əməli xidmət” göstərməyə hazırdır, lakin onların aparılması tərəflərin istəyindən asılıdır.

Nizami Bağırov