Ekonomiks 14:26 17.07.2022

Bölgələrdə avtobuslarda kondisioner işləmir - Səbəb nədir? (VİDEO)

Hər gün , xüsusilə, səhər və axşam  saatlarında şəhərdaxili  marşrutlarda eyni mənzərə müşahidə olunur. Sərnişinlər  sürücüdən kondisioneri yandırmasını tələb edir, sürücü isə  işləmədiyini bildirir. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olur və mübahisə düşür.  Çünki  istidir, əsasən də, paytaxtdakı BakuBus avtobuslarında pəncərələr çox kiçikdir və salon havasız olur.  Xəstəsi var. Körpəsi var. Bir sözlə , hazırda əksər avtobuslarda dözülməz bir hal yaşanır. Ancaq müxtəlif bölgələrdə olan əməkdaşlarımız bildirirlər ki, elə rayonlarda da  vəziyyət və mənzərə eynidir.

15 nömrəli mikroavtobus, 4 nömrəli, 21 nömrəli. Hamısının pəncərəsi açıq. Əks halda nəfəs almaq mümkün olmaz. Çünki heç birinin kondioneri yoxdur və ya işləmir. Görüntülər nur şəhəri Mıngəçevirdəndir. Gəncədə də vəziyyət eynidir: hava isti, kondısıoner yox. Rayonlarda fəaliyyət göstərən avtobus və mikroavtobusların əksəriyyətındə sərnışınlər istidən əziyyət çəkirlər. 

29 marşrut xətti üzrə 250 avtobusun əhaliyə xidmət göstərdiyi Gəncədə sərnışınlərin dili ilə desək 'kondisioner nə gəzir?' 

Sürücülər də avtobuslarda kondisionerlərlə bağlı probelmin olduğunu etiraf edirlər. Elə onlar özləri də bu isti havada daha sərində işləmək istəyərdi. Ancaq... 

Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən məsələ ilə bağlı bildirirlər ki, mövsümlə əlaqədar xətt sahiblərinə müvafiq tələblər qoyulub və icrasına nəzarət olunur.

Gəncədə icrası planlaşdırılan "Yaşıl şəhər" layihəsi çərçivəsində ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların müasir nəqliyyat vasitələri ilə yenilənməsi nəzərdə tutulur.

Mingəçevirdə də avtobuslarda istidən nəfəs almaq mümkün deyil.

"Nur şəhəri"-ndə də avtobus və mikroavtobusların hər birinin pəncərəsi açıqdır.  Sürücülər belə vəziyyətdən razı görünməsələr də sərnişinlərin vəziyyətlə barışdıqlarını deyirlər.

Günbəgün əhalisi artan, yaşıyış məntəqləri genişlənən Mingəçevirdə həm iri, həm də xırda tutumlu avtobuslar şəhər sakinlərinə xidmət göstərir. Avtobuslar vaxtlı-vaxtında dayanacaqlara gəlsə də, kondisionerın olmaması sərnışınlərə xeyli çətinlik yaradır.

Bəs ölkənin turizm bölgəsi, "Nur şəhəri"də avtobuslarda nə vaxt kondisioner olacaq? Nə vaxt sərnişinlərə müasir tipli avtobuslar xidmət göstərəcək? Suallarımıza cavab almaq üçün üz tutduq Mingəçevir şəhər İcra Hakimiyyətinə. Qurumdan bu məsələlərin onların səlahiyyətləri daxilində olmadığı bildirildi. 

Sualımıza Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibliyindən cavab verildi: Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtobus parkının yenilənməsini daim diqqət mərkəzində saxlayır. 2019-2023-cü il Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət proqramına əsasən avtobus parkının yenilənməsinin mərhələli şəkildə həll edilməsi nəzərdə tutulur. Bununla bağlı sahibkarlara müvafiq xəbərdarlıq edilib.