Dünya 18:15 22.01.2023

Boris Consondan Ukraynaya sürpriz səfər: Zelenski ilə görüşdü (YENİLƏNİB/VİDEO)

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynaya səfəri çərçivəsində prezident Volodimir Zelenski ilə görüşüb. 

Qaynarinfo bu barədə Unian-a istinadən xəbər verir.

Conson Ukrayna liderini yenidən görməkdən şərəf duyduğunu deyib. 

Conson və Zelenskinin görüşünün videosunu prezidentin mətbuat xidməti yayıb. Videodan görünür ki, qonağı digər rəsmi şəxslərlə yanaşı, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Prezident Aparatının rəhbəri Andriy Yermak qarşılayıb.

Görüş zamanı Conson Kiyev vilayətində hərbi əməliyyatların aparıldığı yaşayış məntəqələrinə baş çəkdiyini, işğalın və atəşin nəticələrini gördüyünü bildirib. Keçmiş baş nazir vildirib ki, zərbələr "hələ də davam edir” və o, öz imkanları daxilində Ukraynaya kömək etmək üçün hər şeyi edəcək.

 
16.20
 
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Kiyev vilayətinin Buça şəhərinə səfər edib.

Qaynarinfo bu barədə Unian-a istinadən xəbər verir.

Məlumata görə, Conson şəhərin rayonlarından birində təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə görüntülənib. Sabiq baş nazir onu tanıyan ukraynalılarla bir neçə dəqiqə söhbət edib, sonra maşına minərək ərazini tərk edib.
 


Ukrayna mediası hesab edir ki, Consonun səfəri özəl xarakter daşıyır, çünki indi o, rəsmi vəzifə tutmur.

"Reuters”in məlumatına görə, Conson Borodiankaya da baş çəkib.

 
Qeyd edək ki, Boris Conson Rusiyanın müharibəyə başladığı gündən Ukraynaya ən çox dəstək verən rəami şəxs olub. O, Böyük Britaniyanın baş naziri olduğu müddətdə və hətta istefasından sonra da bu vəzifəyə sadiq qalıb.

Sabiq baş nazir WSJ üçün yazdığı köşə yazısında da Ukraynadakı müharibənin yalnız Rusiya prezidenti Vladimir Putinin məğlubiyyəti ilə bitə biləcəyini qeyd edib. Vurğulayıb ki, ukraynalılar raketlər və dronlarla terrora məruz qalır, dünya buna baxmaqda davam etməməlidir.

Yanvarın 13-də Böyük Britaniyanın "The Guardian” nəşri keçmiş baş nazirin Zelenskini ziyarət etmək üçün Ukraynaya səfər etməyi planlaşdırdığını yazıb. Consonun sözçüsü isə bu xəbərə şərh verməkdən imtina etmişdi.

Aydın