Dünya 14:50 29.07.2022

Borrell: Aİ Rusiya qazından tam imtina edəcək

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josef Borrell İspaniyanın TVE telekanalına müsahibəsində bildirib ki, Avropa Rusiyadan aldığı bütün yanacaq növlərindən, o cümlədən qazdan tədricən imtina edəcək.

Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.

Onun sözlərinə görə, Avropa İttifaqı "Rusiyadan həddindən artıq enerji asılılığından xilas olmaq” qərarına gəlib. Borrell qeyd edib ki, Avropa "əvvəlcə kömürdən, sonra neftdən və daha uzun adaptasiya dövrləri ilə qazdan” imtina edəcək.

"Rusiya da bilir ki, biz bunu edəcəyik”, - o əlavə edib və vurğulayıb ki, Aİ-nin Moskvadan enerji asılılığı birlik üzvlərini "həssas” edir, bunu Rusiya bilir. "Rusiya Federasiyası öz qazını satmaq istəyir, lakin onu məhz bizə satmaq istəyi yoxdur", - Borrell deyib. O, həmçinin Avropa ölkələrini könüllü olaraq enerjiyə qənaət etməyə çağırıb ki, onlar bunu məcburi şəkildə etmək məcburiyyətində qalmasınlar.

Xatırladaq ki, çərşənbə axşamı Aİ Şurası 2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-dək Aİ-də qaz istehlakının könüllü olaraq 15% azaldılması üçün Avropa Komissiyasının təklif etdiyi planı qəbul edib.

Alpər