Dünya 18:12 29.04.2023

Britaniya kəşfiyyatı: Rusiyanın son raket hücumu yanaşmanın dəyişdiyini göstərir

Rusiyanın Ukraynaya qarşı son kütləvi raket hücumu qışla müqayisədə Rusiyanın raket zərbələrinə yanaşmasının dəyişdiyini göstərir.

Qaynarinfo "Evropeyskaya Pravda”ya istinadla xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı 29 aprel tarixli kəşfiyyat icmalında deyilir.

Kəşfiyyat qeyd edir ki, aprelin 28-də baş vermiş hücum Rusiya Federasiyasının martın əvvəlindən bəri ilk kütləvi hücumudur.

"Bu hücumlar Rusiyanın uzaqmənzilli zərbələrdən istifadə etmə tərzində yanaşmanın dəyişdiyini görməyə imkan verir. Bu dalğada qış hücumları ilə müqayisədə daha az raketdən istifadə olunub və o zərbələr Ukraynanın enerji infrastrukturunu hədəfə almayıb. Rusiya Federasiyasının ehtiyat hissələrini və ya bu yaxınlarda Ukraynaya təhvil verilmiş silah bazalarını vurmağa cəhd etməsi real ehtimaldır”, - kəşfiyyat analitikləri deyir.

Əlavə edilir ki, RF hədəfi təyin etməkdə açıq-aydın bacarıqsızdır və potensial hərbi faydaya mülki əhalinin ölümü kimi potensial faktlardan daha çox üstünlük verir.

Xatırladaq ki, aprelin 28-də səhər saatlarında Rusiya strateji təyyarələrdən 23 qanadlı raketlə Ukraynaya yeni zərbə endirib. 21 raket Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən məhv edilib, 2 raket Umana düşüb. Yaşayış binasının raketlə dağılmış hissəsində 20-dən çox adam, o cümlədən dörd uşaq ölüb, xilasedicilər dağıntıları təmizləməyə davam edir.

Dneprdə Rusiyanın atəşi nəticəsində bir qadın və üç yaşlı uşaq həlak olub. Kiyev vilayətinin Ukrainka şəhərində çoxmərtəbəli yaşayış binasının üzərinə Rusiya raketinin qırıqlarının düşməsi nəticəsində bir uşaq xəsarət alıb, bir neçə mənzilə ziyan dəyib.

Rusiya Federasiyasının gecə hücumundan sonra Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı qlobal sanksiyaları gücləndirilməsinə çağırış edib.Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın bu raket zərbələrini Ukraynanı F-16-larla silahlandırmaq zərurətinin daha bir sübutu adlandırıb.

Alpər