Dünya 18:33 27.03.2024

Britaniya ordusu Rusiya ilə iki aydan çox müharibə apara bilməz - Etiraf

Britaniya ordusunun Rusiyaya qarşı iki aydan artıq müharibə apara bilməyəcəyini Britaniya Müdafiə Qərargahı rəisinin müavini, general-leytenant Rob Maqovan etiraf edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Teleqraf” məlumat yayıb.

O bildirib ki, gələcək mümkün müharibələrdə ordu istədiyi resurslara malik olmamaq kimi "əməliyyat riski"nin öhdəsindən gəlməli olacaq.

Bu bəyanat, Müdafiə naziri Qrant Şapps deputatlara son büdcədə müdafiə üçün daha çox pul ayrılması məqsədilə Baş nazir Rişi Sunak və maliyyə naziri Ceremi Hanta lobbiçilik etdiyini, lakin artımı təmin edə bilmədiyini söylədikdən sonra səslənib. 

"Biz açıq şəkildə bildirdik ki, hazırda silah-sursata xərclədiyimiz pulun miqdarı əhəmiyyətlidir, lakin bütün sahələrdə üzləşdiyimiz təhlükələrə cavab vermir", - Maqovan deyib.

Onun sözlərinə görə, Böyük Britaniya "inteqrasiya edilmiş hava raket əleyhinə müdafiəyə" daha çox pul xərcləməlidir.

Keçmiş Silahlı Qüvvələr naziri Mark Fransua ona "Böyük Britaniya Putinlə genişmiqyaslı müharibədə iki aydan artıq mübarizə apara bilməyəcək, çünki bizim bunu etmək üçün sursat və ehtiyatımız yoxdur, bu doğrudur, elə deyilmi?" dedikdə, Maqovan bunun belə olduğunu etiraf edib.

Nizami Bağırov