Dünya 12:49 02.05.2023

Britaniyadan qaçan ingilis KQB agenti Rusiyada anladı ki... - Saymon Kuper

Məlumatları KQB-yə ötürən Britaniya kəşfiyyatının agenti Corc Bleyk yazırdı:
 
"Əgər kəşfiyyat SSRİ-yə rəisin nöqteyi-nəzəri ilə üst-üstə düşməyən məlumat göndərirdisə, ya o yuxarıya ötürülmürdü, ya da onun fikrinə uyğun dəyişdirilirdi. Buna görə də rəis heç vaxt düzgün məlumatlandırılmırdı”.

Qaynarinfo "FT Weekend”dən Saymon Kuperin köşə yazısını təqdim edir

Yetmiş il əvvəl Qərb kəşfiyyat orqanları Kremlə işləyən köstəbəklərin onların sıralarına kütləvi şəkildə sızdığını aşkar etdilər. Bunlar britaniyalı ikili agentlər Donald Maklin və Kim Filbi kimi Qərb kommunistləri idi. 

Ola bilsin ki, indi tarix təkrarlanır, bir fərqlə ki, indiki köstəbəklər kommunistlər deyil, ifrat sağçılardır. 

21 yaşlı amerikalı pilot Cek Teyşeyra bu yaxınlarda Ukraynadakı müharibə ilə bağlı məxfi sənədləri sızdırmaqda şübhəli bilinərək həbs edilib. Ancaq o, yeganə nümunə deyil. Braziliyadan Almaniyaya qədər kəşfiyyat xidmətlərində və orduda həddindən artıq sağçı təmsil olunur. Bu, həm Ukraynanın hərbi səylərini, həm də Qərb demokratiyasını təhdid edir.

Putinə yaxın olan ifrat sağçılar 2016-2018-ci illərdə siyasi pik nöqtəsinə çatıblar və indi nadir hallarda seçkilərdə qalib gəlirlər. İfrat sağçı məmurların indi edə biləcəyi maksimum şey liberal siyasəti sabotaj etməkdir.

Elə Almananiyanın xarici kəşfiyyat xidmətində işləyən L.Karstenin işini götürək. O, ötən ilin sentyabrında kadrların mühafizəsi şöbəsinin rəisi təyin edilib və xidmətin 6500 əməkdaşının yoxlanılmasına nəzarət edib. Milad bayramına az qalmış o, dövlət sirrini Rusiyaya verməkdə ittiham olunaraq həbs edilib. Məlum olub ki, Karsten qaçqınları güllələmək lazım olduğunu deyərək irqçi fikirlər səsləndirib. Almaniyanın ictimai televiziya kanalı "Das Erste”nin məlumatına görə, o, Putinə yaxın olan ifrat sağçı "Almaniya üçün alternativ” partiyasına ianələr edib.

Karsten L. tək deyil. 2020-ci ildə Almaniyanın müdafiə naziri "çoxsaylı ifrat sağçı baxış halları və konstitusiyaya kifayət qədər sədaqətsizlikdən” sonra hərbi xüsusi təyinatlıların komandanlığında islahat elan etdi. Lakin ötən ilin dekabrında həbs edilən 25 sui-qəsdçi arasında bir neçə keçmiş xüsusi təyinatlı əsgər də var idi.
Fransa ordusunun (və polisinin) əksəriyyəti ifrat sağçıdır. 2021-ci ilin aprelində generallar tərəfindən uğursuz Fransa çevrilişinin 60-cı ildönümündə yüzlərlə müharibə veteranı, o cümlədən 20 istefada olan general və 18 fəal zabit açıq məktub imzalayıb, "islamçı” təcavüzün "vətəndaş müharibəsi”nə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. İctimai rəy sorğusu seçicilərin əksəriyyətinin onlarla razılaşdığını göstərib. Və bu gün bəzi fransız əsgərləri Ukraynadakı müharibədə Rusiyaya rəğbət bəsləyirlər.

Vitse-admiral Patrik Şevalro izah edir: "Bəzi zabitlərin yetişdiyi Fransanın mühafizəkar hissəsində rusofil hisslər çoxdan mövcuddur: "Müqəddəs Rusiya” "islamçılar”a qarşı bir növ sivilizasiya müttəfiqidir. Şevalro əlavə edir ki, bir çox fransız zabitləri NATO-ya qarşı çıxırlar, bəzən sadəcə olaraq onun iş dili olan ingilis dilini bilmədən işləmək məcburiyyətindən narazılıq edirlər. 

İfrat sağçı Qərb rəsmiləri də təhlükəli ola bilər. Buna misal olaraq yanvar ayında Braziliyada baş verən sağçı çevriliş cəhdini göstərmək olar, ondan sonra prezident Lula silahlı qüvvələri sövdələşmədə ittiham etdi. Maraqlıdır ki, vəzifəsi prezidenti qorumaq olan tabor hücumu dəf etməyib. Hökumətin təhlükəsizlik xidmətinə rəhbərlik edən general, bəzi agentlərinin hücum edənləri su ilə təmin edərkən prezident sarayında gəzdiyini əks etdirən video yayımlandıqdan sonra istefa verib.

Bəzi ifrat sağçı liderlər ordu əvəzinə şəxsi polis yetişdirirlər. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir öz milli qvardiyasını yaradır. İfrat sağçıları tədqiq edən politoloq Kas Mudde xəbərdarlıq edir: "Bəlkə də dünyanın ən güclü zorakı ifrat sağçı qruplaşması hakim Hindistan Xalq Partiyasına çox yaxın olan beş-altı milyon üzvü olan yarımhərbi təşkilat olan Rashtriya Swayamsevak Sangh-dır”. 

Bundan əlavə, ABŞ-da 6 yanvar 2021-ci il uğursuz çevrilişində iştirak edən və əsasən hərbi qüvvələrin veteranlarının rəhbərlik etdiyi qruplar var.
Gələn il ABŞ-da keçiriləcək seçkilərin nəticələrini bir neçə "yelləncək” ştatı müəyyən edəcək. Respublikaçı dövlət katibi Donald Trampa səs verə bilər. Etirazları Trampın bir çox pərəstişkarı demoqrafik təbəqəsi olan ağ kişilərin daxil olduğu Milli Qvardiya yatıra bilər.

Fransız tarixçi Andre Loezin qeyd etdiyi kimi, 1917-ci ildə Rusiyadan 2011-ci ildə Misirə qədər inqilablar adətən təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilir. Silahlı ifrat sağın daxili çevrilişlər etməsi senarisi inandırıcı görünür.

Mən, 2021-ci ildə Britaniya kəşfiyyatının ikili agenti Corc Bleykin tərcümeyi-halını dərc etdim. O və onun kimiləri KQB-yə emal edə bildiklərindən daha çox məxfi Qərb sənədləri göndərirdilər. Amma Bleyk 1966-cı ildə Moskvaya qaçandan sonra rusların zəif tərəflərini gördü: "Əgər kəşfiyyat SSRİ-yə rəisin nöqteyi-nəzəri ilə üst-üstə düşməyən məlumat göndərirdisə, ya o yuxarıya ötürülmürdü, ya da onun fikrinə uyğun dəyişdirilirdi. Buna görə də rəis heç vaxt düzgün məlumatlandırılmırdı”.

Ümid edək ki, Vladimir Putin qərbli "köməkçilərinə” məhəl qoymayacaq.

Nizami Bağırov