"Tərəflərin Brüssel görüşündə hansısa bir irəliləyişin olacağını gözləmirəm”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də reallaşacaq Brüssel görüşünü şərh edərkən deyib:
"Xarici işlər nazirlərinin Vaşinqton görüşü göstərdi ki, Ermənistan əvvəlki mövqeyində qalmaqda davam edir. Belə bir şəraitdə Brüsseldəki görüşdə hansısa irəliləyişin olacağına inanmıram. Sadəcə olaraq, Brüssel Vaşinqtonla rəqabət mühitində istəyir ki, özü də müəyyən təşəbbüslərdə bulunsun. Brüssel kommunikasiyalar məsələsi və yaxud mülki missiya ilə bağlı təkliflərlə çıxış edə bilər. Azərbaycan hər bir görüşdə iştirak edir. Bu və ya digər görüşün hansısa xeyri olacaqsa, iştirak etməliyik. Bununla belə, Brüssel görüşündən hansısa real nəticələr gözləmirəm”.
Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüş olacaq.
Rüfət Sultan
Şərhlər