Maqazin 16:38 24.05.2022

Bu dəqiqə öz haqqımı dilənirəm - Elza Seyidcahanla müsahibə

 Bir neçə gündür, Əməkdar artist Elza Seyidcahan evi ilə bağlı yaranmış probleminə görə Azərbaycan kanallarına çıxaraq xalqdan və dövlətdən yardım istəyir.

Sənətçi mülkünün satılmaması üçün ona 63 min manat pul lazım olduğunu deyib.
 
Bu çıxışından sonra sənət yoldaşlarından bəziləri ona dəstək verib. Həmçinin Elza Seyidcahanın anası da yaşadığı evini satıb, oğlu Ələkbər isə anası efirdə olduğu vaxt studiyaya zəng edərək "Anama deyin ki, qalan pulunu mən verəcəyəm. Proqramdan ayrılsın” deyə ona dəstək verdiklərini vurğulayıb.
 
Xatırladaq ki, illər öncə "ELİT SRC GROUP” MMC müğənni-bəstəkar Elza Seyidcahan ailəsinə məxsus obyekti icarəyə götürüb. Zamanla tərəflər arasında mübahisə yaranıb. Məhkəməyə qədər gedən mübahisədə qarşı tərəfdən 58 797 manat pul alınaraq "ELİT SRC GROUP” MMC-yə verilməsi ilə bağlı qərar qəbul edilib.
 
Bəs, günlərlə davam edən bu qədər dəstəyin müqabilində Elza Seyidcahanın evi hərracdan çıxarılıbmı?
 
Əməkdar artist Elza Seyidcahanın Qaynarinfo-ya müsahibəsini təqdim edirik.
 
- Dəstək kampaniyası mənə yox, hüquqları, qanunları pozulmuş bir incəsənət xadiminədir. Bizim qanunlarımız var və mən onlara güvəndim, inandım, əmin oldum ki, ədalətli qərar olacaq. Birinci məhkəmədə hakim Natavan Tağıyeva qərar vermişdi ki, qarşı tərəf bizim yaşayış məkanımızı boşaltsın. Çox təəssüflər olsun ki, Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov biz 58979 manatı verəcəyimiz halda onların obyekti boşaldacağı ilə bağlı qərar verdi. Bu gün mən məyus halda müsahibə verirəm. Vətənimdə Şuşa ilidir, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Zeynalabdin Tağıyev kimi dahilərin dövlətimiz tərəfindən adlarının əbədiləşdiriləməsi prosesi gedir. Belə bir vaxtda biz bəstəkarların da borcudur ki, bu sərəncamlara yaraşan əsərlər yazaq və işimizi göstərək. Mənim hər bir mövzuya aid əsərim var. Amma çox acınaqlı bir haldır ki, belə bəstəkar yaradıcılığından deyil, ona qarşı haqsızlıqdan danışır. Bu gün bizə ayıbdır ki, belə hərəkətlərlə efirlərdə işıqlandırılırıq. Belə baxanda, ayıb olsun qarşı tərəfə ki, Azayevlər ailəsi və onların şərikləri bizim qeyri-yaşayış sahəmizi illərlə işlədib, orada milyonlar qazandılar. 
Niyə axı axırda anam evini, kirayədə qalan oğlum köhnə maşınını satmalıdır və bu gün mən yaradıcılığımdan qalmalıyam? Sənət dostlarım, xalqımız, qazilərimiz, şəhid ailələri mənə dəstək olurlar, Allah Xöşqədəm xanımın canını sağ eləsin, efirə çıxıram, hər gün vaxtım gedir. Niyə belə qanunsuzluq olsun ki, mən də məcbur olub bu addımı atam. Bizim gözəl qanunlarımız var. Bu gün bizi sosial şəbəkələrdə təhqir edirlər, ağızlarına gələni yazırlar.

- Bəs, bununla bağlı nə düşünürsünüz?

- Fikirləşirəm, məhkəməyə müraciət edim. Bəs məhkəməyə nə deyə müraciət edim? Kimə inanım? Artıq mən susuram və yerimdə otururam. Çünki mən zamanında 20 min manatı məni şantaj edən Azayevlərə versəydim, bu gün nə anamın evi satılardı, nə də oğlumun maşını. Bundan əlavə, nə sənət dostlarımı narahat, nə də xalqımızı məyus edərdim. Hardan bilim ki, məhkəmə bizi belə bir vəziyyətlə bağlı qarşı-qarşıya qoyacaq. Buradan üzümü tuturam sənət dostlarıma, başda Brilyant Dadaşova, Nüşabə Ələsgərli olmaqla hər kəsə, yaxın dostlarıma… Rəqsanə xanım Moskvada yaşasa da, hər bir çətin günümüzdə ordan əl yetirir. Onun da ailəsi var, amma belə anlarda bizə biganə olmur, xeyriyyə əməllərindən qalmır. Bəzi insanlar da var ki, özlərini xeyriyyəçi, yaxşı insan kimi göstərirlər. Amma elə deyillər. Bunu ona görə demirəm ki, onların hamısından umuram. Mən heç kəsdən ummuram, Allahdan umuram, öz haqqımı, ədalətimi umuram. Bu dəqiqə tapdalanmış haqqımı, ədalətimi dilənirəm. Deyir, "milyonçunun dilənçi oğlu”… Bizim ölkədə qanunlar olan yerdə mən qanunumu dilənirəm. Nə olar, mənim qanunumu mənə verin. Nə olar, mən sizdən artıq şey istəmirəm. Biz oranı zəhmətlə qurmuşuq. Anam qutab, qoğal bişirib, illərdir əziyyət çəkib, bu bankdan o banka kredit ödəyə-ödəyə evi qurduq. Balaca bir yeri zəhmətlə böyütdük ki, mənim orada studiyam, tələbələrimlə hazırlaşmağa yerim olsun. Oğlum hüquq fakültəsini birib, ona burada hüquq bürosu açmaq istədim. Amma bu gün biz çöldə qalmışıq, hətta anam evini satıb, zirzəmidə yaşayırıq. Bəzən deyirlər ki, niyə ananı öz evinə aparmırsan? Gözüm üstə yeri var, bu gün ona mən baxıram. Mən olmasaydım, çoxdan dünyasını dəyişərdi, pensioner adamdır. Bütün dərmanlarını mən alıram, bir gün dərman atmasa, yaşaya bilməz. Hər gün təzyiqi qalxır. Anam o evi böyük zəhmətlə ərsəyə gətirib. O boyda əziyyətlə ərsəyə gələn evi yarım saatın içində çox ucuz qiymətə satdılar. 46 min 500 mənə verdi, yerdə qalan 16 minə görə isə sənət dostlarım - yaxınlarım, sevənlərim, həmyerlilərim və yaxşı insanlar kömək edirlər ki, obyektimiz hərracdan çıxsın. Mən nəinki oğlumun maşının, anamın evini, heç kəsin telefonunu belə satmağı rəva görmərəm. Biz indi fitrə pulu yığırıq. Eybi yox, bu gün anam çöldə qalsaın, haqqımıza girən adamın övladları, ailəsi villalarda kef çəksinlər. Onlar o dünyada bu əmməllərinə görə cavab verəcək.

- Oğlunuz da maşınını satıb? 

- Oğluma qadağan etdim. Dedim ki, sən kirayədə qalırsan, bir maşının var, oğlun da balacadır. 6 ildən sonra Allah sənə bir uşaq verb, o maşını satma. Onsuz da səndən həmin maşını çox ucuz qiymətə alacaqlar. Necə ki, evimizi ucuz qiymətə aldılar. Bizə maklerin ürəyi də yanmadı, hətta buna görə bizdən pul da götürdülər. 100 minlik evi 75 minə satdılar. 5 mini də makler götürdü. Demədilər ki, Elza Seyidcahan bu evi kefindən satmır.
Anam əlində qalan 20 minə də bir "padval” aldı. Anam orada yaşaya bilməz, əşyalarını qoymaq üçün yer olmalıdır. Mənim öz evim çox darısqaldır. Qızım, nəvələrimlə qalıram. Dövlətdən ev almamaışam, baxmayaraq ki, Əməkdar artistəm, heç bir zaman dövlətdən ummamışam. Hər zaman əsərlərimlə, layihələrimlə xalq qarşısına çıxmışam. Böyük-böyük layihələrim olub. Baxmayaraq ki, qarşı tərəf bizə olmazın zülmlər edib, yenə də yaradıcılığımdan qalmamışam. İki dəfə millət vəkili seçkilərinə qatılmışam, oradan alnı açıq, üzü ağ çıxmışam. Özünüz bilirsiniz ki, seçkiyə qatılanda nə qədər pullar xərclənir. Bu işlərdən zövq alıram, yorulan adam deyiləm. Bu gün mənim maşınım belə girovdur. 

- Bu boyda yükün altından necə çıxacaqsınız?

- Efirə çıxmaq istəmirdim. İstədim evimi qoyub, bankdan pul götürəm, olmadı, vermədilər. Köhnə tikilidir deyə götürmədilər. Maşınım da bankdadır, sağ olsun bank rəhbərləri, məni başa düşürlər. Onlar mənə möhlət veriblər, əlimdən maşını almırlar, ödəyirəm, bilirlər ki, biz dələduzlara rast gəlmişik. Hadisə başıma gələndən sonra biz çətinliklərə düşdük. Evdə nə qədər qızıl-zinət əşyalarım var, hamısı bankdadır. Mən efirə çıxdım, orada bəzi ağzıgöyçək insanlar, necə deyərlər, özlərinin başına gəlsin, bilsinlər ki, bu nə deməkdir. Ancaq onlar o qədər cahildir ki, çətin anlasınlar. Ona görə mənim övladıma, özümə eyham avururlar, sənətimi tapdalayırlar. Onlar məni təhqir etməklə dövlətimizin qanunlarını tapdalayırlar. Azərbaycan və Qırğızıstan Bəstəkarlar ittifaqının üzvüyəm, heç vaxt belə bir şey olmayıb. Yaradıcılığım qalıb bir yanda, əsərlərimi yazmaq istəyirəm. Bundan sonra mən necə oxuyum, necə yazım? Belə qanunlarımız olan bir ölkədə hakimlərimiz bizi korrupsiyanın qurbanına çeviriblər. Vəkillərim mənə dəfələrlə deyirlər ki, Elza xanım, siz haqsızlığın qurbanı olmusunuz. Mən burdan üzümü tuturam bütün vicdanlı hüquqşünaslara - ədliyyə işçilərinə, hakimlərə ki, bu haqsızlığı araşdırsınlar. 
Bu gün problemlərimiz çoxdur. 30 ildən sonra torpaqlarımız geri alınıb, hər bir sahədə işlər görülür. Sahibsiz itlərə belə qayğı göstərilən bir ölkədə xalqın sənətkarı şantajla üz-üzədir. Mənim heç zaman borcum olmayıb, olmayacaq da. Bu mənim borcum deyil. Mən iş qadınıyam, borclarıma da cavabdehəm. Mən bəzi insanlar kimi qarnımı güdmürəm ki. Bizim Natavan Tağıyeva və Solmaz Əbilova kimi yaxşı hakimlərimiz var. İşə ədalətli baxıblar. Amma İkram Şirinov belə də qərar verə bilərdi, deyərdi ki, sız çıxın, pulunuzu illərlə ödəyərlər. Bu gün mənim evimdə işləyən tək mənəm. Bəstəkar adamam, məcbur olanda el şənliyinə, şou-proqramlara da gedirəm. Dövlət televiziyasının solistiyəm, nə maaş alıram ki, bu pulu ödəyim? Yerimizi də tikdik, amma qoymadılar, qanımızı içirlər. Dərdimi kimə deyim? Xalqıma deməyim? Efirlərə çıxmayım? Yaxşı ki, efirə çıxdım. Sənət dostlarımın qarşısında baş əyirəm.   
Mənim 2018-ci ildə "Sənə bənzər konsert” layihəm, "Müharibədə qələbə” uverturası, "Bir yumruq olaq”, "Mənim prezidentim, mənim qəhrəmanım”,  "Biz deyirik İlham”, "Mehriban gəlin”, "İgid əsgərim”, "Qarabağa səfər var” və bir çox əsərlər yazmışam. Bunların hər biri həm savad tələb edir, həm maliyyə, həm də istedad. Hesablayanda bu əsərlərə çəkilən xərclər 100 mindən çox edir, amma mən buna görə heç kimdən nəsə almamışam. Öz boğazımdan kəsib, cırmaq-çırmaq bu layihələri etmişəm. Suçlular güclü çıxdı, amma suçsuzlar tapdalandı və bu gün də tapdalanmaqda davam edir. Buna görə mən məcbur olub efirə çıxmışam ki, bizi bu dələduzların əlindən xilas etsinlər.

Bahar Rüstəmli