Dünya 11:06 26.09.2023

"Bu, təkcə Putinin müharibəsi deyil" - Finlandiyanın XİN rəhbəri

Rusiyada lider dəyişikliyi çətin ki, Rusiya Federasiyasının demokratikləşməsinə gətirib çıxarsın. Qərb "ən pisinə hazırlaşmalıdır”. 

Qaynarinfo xəbər verir ki, bunu Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Elina Valtonen bazar ertəsi, sentyabrın 25-də dərc olunan "The Washington Post” qəzetinə müsahibəsində deyib

Jurnalistin Ukraynaya qarşı müharibədən sonra Rusiya ilə münasibətlərə dair sualını cavablandıran Valtonen deyib ki, "bu, təkcə Putinin müharibəsi deyil”.
"Görünür, Rusiya maşını, belə demək mümkünsə, çoxdan buna hazırlaşır. Onlar 2008-ci ildə Gürcüstanın işğalından və 2014-cü ildən Krımın qanunsuz ilhaqı ilə Ukraynaya qarşı fəal şəkildə müharibə aparırlar. Təbii ki, Putin bu dövrdə hakimiyyətdə idi, lakin iyirmi ildən artıqdır ki, o, bunun ətrafında infrastruktur qurub. Və Rusiyada birinin ona bunun normal olmadığını söyləməsi üçün iki onillik lazım idi", - finlandiyalı nazir deyir. 

Onun fikrincə, Rusiya prezidenti Vladimir Putin getsə belə, Rusiyanın sülhsevər demokratiyaya çevrilməsi ehtimalı çox azdır.

WP Finlandiya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərindən sitat gətirir: 

"Buna ümid edərək, biz ən pisə hazırlaşmalıyıq və ən pisi odur ki, Rusiya olduğu kimi qalacaq və bəlkə də gələcəkdə daha da pisləşəcək".

Valtonen sadə rusiyalılara münasibətdə sanksiyaların ədalətli olmasından da danışıb.

"Rusiya və Rusiya xalqı başa düşürlər ki, belə ədalətsiz və qeyri-qanuni müharibənin aparılması sadəcə olaraq baha başa gəlir. Bunu göstərməyimiz çox vacibdir", - Valtonen bildirib.

Qeyd edək ki, sentyabrın 18-də Finlandiya prezidenti Sauli Niinistö bildirib ki, Avropanın marağı Ukraynada sülhün bərqərar olmasından sonra Rusiyanın müharibəyə qayıtmamasına əmin olmaqdır.

Sentyabrın 15-də məlum olub ki, Finlandiya Baltikyanı ölkələrin ardınca Rusiya qeydiyyatında olan minik avtomobillərinin ölkəyə girişini qadağan etməyi planlaşdırır.

Nizami Bağırov