Siyasət 19:05 03.05.2023

“Bütün yollar Vaşinqtona aparır, Moskva ofsaytdadır” - Politoloq

"Peskovun açıqlaması Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistana barmaq silkələməsidir. Bununla Moskva bildirir ki, Rusiya olmadan Vaşinqtonda hər hansı bir sülh sazişi razılaşdırıla və imzalana bilməz”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərməsini şərh edərkən deyib:

"Peskovun açıqlamasında 10 noyabr sənədi də məhz buna görə xüsusi olaraq vurğulanır. Ancaq bu məsələnin özü də absurddur. Çünki sülh müqaviləsi Azərbaycanla Ermənistan arasında nəzərdə tutulub ki, bu da 10 noyabr sənədində əks olunmayıb. Peksovun verdiyi açıqlama ilə əslində Kreml özünü təkzib edir”. 

Burada əsas hədəf ekspertə görə, Bakı və İrəvana təzyiq etmək və qorxutmaqdır:

"Həm də nəticələrilə bağlı xəbərdarlıqdır. Qarabağda başladılan oturaq etiraz aksiyası və imzatoplama kampaniyası, rus sülhməramlılarının yeni komandanı Lentsovun mütəmadi olaraq separatçı rejimin quldur başçıları ilə görüşməsi göstərir ki, Moskva Vaşinqtonda gedən prosesdən bərk əndişələnib. Ona görə də prosesi dağıtmaq üçün hansısa təxribat planları hazırlayır. Bunun nəticəsidir ki, Ermənistanda Vaşinqtondan sonra belə bir görüşün Rusiya da baş tuta biləcəyilə bağlı açıqlamalar verir. Əslində, bu, Rusiyanın köpüyünü almaq üçün edilən açıqlamadır. Əsas strateji qərarların Vaşinqtonda veriləcəyi artıq bəllidir”. 

Qeyd edək ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq edib. O deyib ki,  Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Onun sözlərinə görə, problemlərin həlli  və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür. 

Rüfət Sultan