Dünya 19:07 14.07.2023

CAR Putinin əvəzinə Lavrovu istədi, Moskva rədd etdi

Cənubi Afrika Respublikası (CAR) Rusiyadan xahiş edib ki, avqust ayında keçiriləcək BRİCS sammitinə Ukraynada cinayətlərlə bağlı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarılan Rusiya prezidenti Vladimir Putinin yerinə xarici işlər naziri Sergey Lavrovu göndərsin.
 
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bunu Yohannesburqun "Mail & Guardian” qəzetinə müsahibəsində CAR prezidentinin müavini Pol Maşatile deyib.
 
"CAR prezidenti Siril Ramafosa Rusiyadan avqust ayında keçiriləcək BRİCS sammitində nümayəndə heyətinə Putinin yerinə Lavrovun başçılıq etməsini xahiş edib, lakin rədd cavabı alıb", deyə Maşatile bildirib.

Onun sözlərinə görə, sammitə səfəri ilə bağlı "Putinlə müzakirələr davam edir”.

"Biz Roma Statutu ilə bağlı olduğumuzu başa düşürük, lakin kimisə dəvət edib sonra onu həbs edə bilmərik. Siz bizim dilemmamızı başa düşə bilərsiniz. O, gəlməsə şad olarıq", deyə CAR-ın vitse-prezidenti bildirib.

Bundan əvvəl CAR prezidenti açıq şəkildə bəyan etmişdi ki, o, Vladimir Putinin avqustda keçiriləcək BRİCS sammitində iştirakını gözləyir. Baxmayaraq ki, ölkə onu həbs edib, Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməyə borcludur.

CAR mart ayında Putinin ukraynalı uşaqların işğal olunmuş ərazilərdən kütləvi deportasiyasında iştirakına görə onun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.

Nizami Bağırov