Dünya 21:59 12.07.2022

Çin alimləri mikroplastikləri udan robot balıqlar hazırladı

Çin alimləri okeanlardakı mikroplastikləri udaraq təmizləyən robot balıqlar hazırlayıb.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin cənub-qərbindəki Siçuan Universitetinin çinli alimləri qrupu deyir.

Alimlər bildirirlər ki, mikroplastikləri "yeyən" robot balıq bir gün dünyanın çirklənmiş okeanlarını təmizləməyə kömək edə bilər.

Yumşaq və cəmi 1,3 santimetr olan bu robotlar artıq dayaz suda mikroplastikləri udur.

Robotu yaradan tədqiqatçılardan biri Vanq Yuyan bildirib ki, komanda robot balıqları daha dərin sularda mikroplastikləri toplamaq və real vaxt rejimində dənizin çirklənməsini təhlil etmək üçün yeniləməyi planlayır.

"Biz belə yüngül miniatürləşdirilmiş robot hazırladıq. O, bir çox cəhətdən istifadə edilə bilər, məsələn, biotibbi və ya təhlükəli əməliyyatlarda, bəzi xəstəlikləri aradan qaldırmağa kömək etmək üçün bədəninizin bir hissəsinə yerləşdirilə bilən kiçik robot”,- alimlər komandası deyib. 

Alimlər balığın digər balıqlara və ya gəmilərə çırpılmasının qarşısını almaq üçün işıqdan istifadə edərək balığı idarə edə bilirlər.

Vanq bildirir ki, poliuretandan hazırlandığı üçün robot balıq təsadüfən digər balıqlar tərəfindən yeyilsə, zərər vermədən həzm oluna bilər.

Nurlan