Dünya 23:30 15.07.2022

Çin iqtisadiyyatı kəskin şəkildə yavaşlayır, qlobal tənəzzül qorxusu artır

Çin iqtisadiyyatı ilin ikinci rübündə COVID-19 pandemiyasının başlanmasından bəri ən yavaş sürətli böyümə göstərib.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə rəsmi Çin statistikası deyir.

Qeydə alınan iqtisadi geriləmə, Pekinin sərt "Sıfır COVID" strategiyasının dəhşətli iqtisadi nəticələrini göstərib. 

Dünyanın ikinci ən böyük iqtisadiyyatı aprel-iyun ayları arasında illik cəmi 0,4 faiz böyüyüb. Rəsmi məlumatlar göstərir ki, ölkədəki qapanmalar sənaye istehsalını və istehlak xərclərini boğub.

Zəif artım 2020-ci ilin birinci rübündən bəri ən pis göstərici olub. O zaman Çin iqtisadiyyatı Vuhan şəhərində COVID-lə bağlı ilk məhdudiyyətləri tətbiq etdikdən sonra 6.9 faiz azalmışdı.

Bazarın gözləntilərindən xeyli aşağı olan nəticə, Ukraynadakı müharibə, tədarük zəncirinin pozulması nəticəsində dünyanın tənəzzülə sürüklənəcəyinə dair artan qorxular fonunda baş verir.

Artan iqtisadi və sosial itkilərə baxmayaraq, Çin Prezidenti Si Szinpin "insanları və həyatı ön plana çıxarmağın" zəruriliyini vurğulayaraq, ölkənin sıfır tolerantlıq yanaşmasını davam etdirəcəyini vəd edib.

Nurlan Hüseynov