Dünya 12:09 13.07.2022

Çin mübahisəli adalar yaxınlığında üzən ABŞ döyüş gəmisini “qovdu”

Pekin qeyri-qanuni olaraq onun ərazi sularına daxil olan Amerika döyüş gəmisini qovub.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Cənub Komandanlığından məlumat verilib.

ABŞ döyüş gəmisi çərşənbə günü Cənubi Çin dənizindəki mübahisəli Parasel adaları yaxınlığında üzərək Pekinin qəzəbli reaksiyasına səbəb olub.

ABŞ Hərbi Dəniz Qüvvələri gəminin Beynəlxalq hüquqa uyğun olaraq Parasel adaları yaxınlığında Cənubi Çin dənizində naviqasiya hüquq və azadlıqlarından istifadə etdiyini bildirib.

Xalq Azadlıq Ordusunun Cənub Komandanlığı ABŞ gəmisinin Çinin ərazi sularına qanunsuz daxil olaraq Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozduğunu bildirib.

Əraziyə eyni şəkildə Vyetnam və Tayvan da iddia edir.

Cənub Komandanlığı gəmini izləmək, ona nəzarət etmək, xəbərdar etmək və uzaqlaşdırmaq üçün dəniz və hava qüvvələrini səfərbər etdiyini bildirib. 

"Faktlar bir daha göstərir ki, Birləşmiş Ştatlar "Cənubi Çin dənizində təhlükəsizlik risklərinin yaradıcısı” və "regional sülh və sabitliyin dağıdıcısı”ndan başqa bir şey deyil”,- deyə komandanlıq bildirib.

Nurlan Hüseynov