Dünya 16:20 15.01.2024

Çin Tayvan problemini necə həll edəcək? (ŞƏRH)

"Çinin Tayvana münasibətdə aqressiv hücum ritorikasından istifadə edəcəyini gözləmirəm, amma Pekinin hərbi addımlar atması ehtimalı da yüksəkdir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov Tayvanda keçirilən son seçkilər fonunda Çinin ona münasibətdə ata biləcəyi addımları şərh edərkən deyib.

Politoloq bildirib ki, Çinlə Tayvan arasındakı gərginlik pik səviyyəyə çatıb:

"Əvvəlki proqnozlarımda da bildirmişdim ki, 2024-cü ilin ən aktiv gərginlik fazası Çin-Tayvan münasibətlərində olacaq. Beynəlxalq araşdırma mərkəzləri, siyasi institutlar da 2024-cü ilin gözlənilən siyasi qarşıdurmaları arasında Çin-Tayvan mövzusunun yüksək olduğunu bildiriblər. Pekin sözsüz ki, Tayvandakı seçkiləri qəbul etmir və tanımır".
 


Ekspert bildirib ki, Pekin adada ABŞ-ın dəstəyilə anti-Çin ritorikasının hökm sürdüyünü anlayır.

"Tayvanı yalnız ABŞ və kollektiv Qərb deyil, Yaponiya, Avstraliya kimi ölkələr də müdafiə edir. Pekinin son dövrlər verdiyi açıqlamalar Çinin Tayvanı hərbi yolla yenidən özünə birləşdirəcəyini göstərir. Amma burada Pekinin də düşünməli olduğu faktorlar var", deyə Tural İsmayılov vurğulayıb.

Həmsöhbətimiz qeyd edib ki, siyasi münasibətlər nə qədər soyuq olsa da, Çin Yaponiyadan ABŞ-a qədər dünya iqtisadi münasibətlərində mühüm aparıcı qüvvədir:

"Pekin başa düşür ki, Tayvana hər hansı bir hücum özünün qlobal iqtisadi maraqlarının təhdidi demək olacaq. Bu baxımdan, Çinin Tayvana münasibətdə aqressiv hücum ritorikasından istifadə edəcəyini düşünmürəm. Amma istənilən halda hazırda onlar arasında ciddi gərginlik rıçaqları mövcuddur. Tayvanda keçirilən seçkilərdən sonra Çinin davamlı olmasa da, müddətli hərbi addımlar atması ehtimalı da yüksəkdir". 

Qeyd edək ki, ötən istirahət günü Tayvan adasında keçirilən seçkilər Çində ciddi etirazlara səbəb olub. Bu fonda Çinin ada ətrafında gərginliyi artıracağı gözlənilir. 

Rüfət Sultan