Dünya 13:25 14.09.2022

Çin Tayvanı işğal edə bilər... - ABŞ sanksiyalar hazırlamağa başladı

ABŞ Tayvanı işğal etmək təhlükəsi səbəbindən Çinə qarşı sanksiyalar hazırlamağa başlayıb.

"Reuters” xəbər verir ki, Birləşmiş Ştatlar Çini Tayvanı işğal etməkdən çəkindirmək üçün ona qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Proses ilkin mərhələdədir. Eyni zamanda, Tayvan hakimiyyəti Avropa İttifaqına da eyni addımı atması üçün təzyiq göstərir. Hər iki halda yüksək texnologiyalar, kompüter çipləri və telekommunikasiya avadanlığı sahəsində artıq qüvvədə olanlardan əlavə, Çin əleyhinə əlavə sanksiyalar paketi müzakirə olunur. Hansı yeni qadağaların nəzərdən keçirildiyi hələlik məlum deyil.

ABŞ avqustun əvvəlində Konqres Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya səfəri nəticəsində Tayvanda vəziyyətin gərginləşməsindən sonra Çini cilovlamaq barədə düşünməyə başlayıb. Vaşinqton Pekini təhrik etmədən bütün sanksiyalar tərəfdarlarını qane edəcək optimal həll yolu tapmağa çalışır.
ABŞ Ticarət Departamentinin keçmiş yüksək vəzifəli rəsmisi Nazak Nikahtar qeyd edir ki, Çinə məhdudiyyətlər tətbiq etmək "ABŞ və müttəfiqlərinin Çin iqtisadiyyatı ilə yaxın münasibətini nəzərə alsaq, Rusiyaya qarşı sanksiyalardan daha çətin məsələdir”.

Bu arada, ABŞ kəşfiyyatı Çinin istənilən halda Tayvanı işğal edəcəyinə əmindir - yeganə sual bunun nə vaxt baş verəcəyidir. Bundan əvvəl ABŞ Tayvana 1,1 milyard dollar dəyərində silah göndərildiyini açıqlayıb. Dövlət Departamenti bu cür tədarüklərin sırf müdafiə məqsədli olduğunu və "vahid Çin” prinsipini pozmadığını bildirib. Buna cavab olaraq Çin Müdafiə Nazirliyi sövdələşmənin geri götürülməsini və ada ilə bütün hərbi əlaqələrin dayandırılmasını tələb edib.
Avqustun sonunda ABŞ süni intellekt texnologiyalarında istifadə edilən bəzi kompüter çiplərinin Çin və Rusiyaya ixracına qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər Nvidia və Advanced Micro Devices (AMD) yüksək performanslı qrafik prosessorlarına aid edilib. Beləliklə, ABŞ Çin və Rusiya tərəfindən bu məhsulların hərbi məqsədlər üçün istifadə imkanlarının qarşısını almaq istəyir.

Nizami Bağırov