Dünya 15:12 09.05.2022

Çin texnologiya nəhəngləri Rusiyanı sakitcə tərk edir

Çin texnoloji şirkətləri ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşmək qorxusundan tədricən Rusiyada işləməkdən imtina edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, iri Çin şirkətləri Rusiyaya tədarükünü azaldır, lakin ictimaiyyətə açıqlama vermir. Xüsusilə "Lenovo" və "Xiaomi" seçilir.

ABŞ çip istehsalçılarının məhsullarını tədarük etdikləri Çin şirkətlərinə təzyiq göstərdiyi bildirilir. Bu şirkətlər ABŞ texnologiyasının Rusiyaya idxalına qarşıdırlar.

Qeyd olunur ki, 2022-ci ilin mart ayında Rusiyaya texnoloji malların ixracı əvvəlki ayla müqayisədə kəskin azalıb. WSJ yazır ki, noutbukların tədarükü 40%, smartfonların 66%, telekommunikasiya baza stansiyaları 98% azalıb.

Nəşr həmçinin yazır ki, sanksiya təhlükəsi ilə yanaşı, Şanxayda koronavirus epidemiyası ilə bağlı lokdaun da tədarükün azalmasına təsir göstərir.

Nizami Bağırov