Dünya 10:18 27.02.2024

Çin və İranın “çiyni”: Pekin istəməyincə Rusiya dağılmayacaq… - Vladimir Pastuxov

"Rusiyanın taleyi dünyanın taleyinin bir hissəsidir, lakin eyni zamanda Rusiyada baş verənlər sonuncunun trayektoriyasını dəyişə bilər. Nəzərə alsaq ki, bu dialektika bizə çox çətinliklə verilir, Rusiyada baş verənləri dünyada baş verənlərdən ayırmaq və müstəqil proseslər kimi ayrı-ayrılıqda təhlil etmək daha asandır. Lakin problem ondadır ki, onlar bir-birindən müstəqil deyillər”.

Qaynarinfo rusiyalı politoloq, publisist və hüquqşünas (vəkil), London Universitet Kollecinin fəxri baş elmi işçisi Vladimir Pastuxovun məqaləsini təqdim edir. 

"Gəlin buna Ukraynadakı müharibə ilə bağlı Rusiyaya qarşı sanksiyaların sadə bir nümunəsindən istifadə edərək baxaq. Birləşmiş Ştatlar və onun müttəfiqləri Ukraynadakı təcavüzü Qərb dünyasına və onun əsaslandığı dəyərlərə qarşı sublimasiya edilmiş çağırış kimi qiymətləndiriblər. Cavab Ukraynaya dəstək və Rusiyanın uzun, effektiv müharibə aparmağa imkan verəcək resurslara və texnologiyalara çıxışını məhdudlaşdırmaq cəhdi oldu. Bununla belə, bu tədbirlər Çin və İranın müqaviməti ilə üzləşdi, onlar Rusiyaya "çiyin vermək” və onun resurs bazasını sarsıtmaq planını faktiki olaraq pozmağı mümkün və hətta faydalı hesab etdilər.

Beləliklə, Ukraynadakı müharibənin perspektivləri bilavasitə iki qlobal münaqişənin - "Yaxın Şərq” və "Uzaq Şərq” münaqişələrinin həlli perspektivləri ilə bağlı olduğu ortaya çıxdı, bunlardan birincisi əhəmiyyətli dərəcədə özü törəmədir və başqa, daha güclü qarşıdurmanın enerjisindən qaynaqlanır. Əgər Çinin "çiyni” olmasaydı, yəqin ki, biz bu müharibənin çoxdan tamam başqa nəticəsini əldə edə bilərdik, lakin problem məhz bundadır ki, məhz bu "Çinin çiyni” əvvəlcədən beynəlxalq siyasi gündəmin menyusuna daxil edilib. Ancaq nədənsə Rusiyanı təcrid etmək əməliyyatını planlaşdıran hər kəs bu xəttin menyuda olmadığını iddia etməyə üstünlük verdi.

Nəticədə, Rusiya özü üçün yeni mövqedə (SSRİ-yə münasibətdə yeni, lakin İmperator Rusiyasına münasibətdə yeni deyil) - dünya tarixində müstəqil aktor kimi deyil, hər zaman başqasının qlobal strategiyası çərçivəsində digərinin tərəfində oynayan köməkçi aktor kimi peyda oldu. Yeri gəlmişkən, Rusiya 19-cu əsrin bütün Avropa müharibələrində məhz belə rolda iştirak edirdi və onun 20-ci əsrin hər iki dünya müharibəsində iştirakı çətin ki, qeyd olunan çərçivədən kənara çıxır.
Ancaq nə qədər qəribə olsa da, Rusiyanın "ikinci dərəcəli tarixi aktyor”a çevrilməsi ABŞ-ın və onun müttəfiqlərinin senarist və rejissor kimi vəziyyətini nəinki asanlaşdırmadı, hətta çətinləşdirdi. Geosiyasi günəş altında öz yeri uğrunda fəal mübarizə aparan müasir Rusiya dünya siyasətində SSRİ-dən daha dağıdıcı amil oldu. SSRİ İkinci dünya müharibəsi nəticəsində yaranmış dünya nizamı çərçivəsində özü üçün əlverişli şərait yaratmağa çalışırdı. Birinciyə keçməyə can atan ikinci sıra oyunçusu mövqeyində olan Rusiyaya indi əlində olan bütün vasitələrlə yalnız meydanda xaos yaratmaq sərf edir. 

Görünür, Rusiya-Ukrayna böhranının heç bir "lokal” həlli yoxdur, ən azı ona görə ki, bu böhran lokal deyil. Rusiyanın Ukraynaya təcavüzü dünya nizamının əzələlərinin ən çox zəiflədiyi yerdə qabarıqlaşan geosiyasi yırtıqdır. İstənilən ikinci dərəcəli münaqişə kimi, bu böhran da yalnız Çin və ABŞ arasındakı əsas münaqişəni həll edən daha geniş nizamlanma çərçivəsində həll edilə bilər. Bunu yalnız iki yoldan biri ilə nail olmaq olar. Ya Qərb Çinlə kompromisə gedir və onu Rusiyanın blokadasına qoşulmağa sövq edir, ya da Qərb Rusiya ilə kompromisə gedir və onu Çinə qarşı oynamağa sövq edir. Üçüncü variant yoxdur və bu böhran da öz-özünə həll olunmayacaq.

Rusiyanın dağılmasını gözləyən hörmətli "dekolonizatorlara” deməyi unutdum: Çin istəməyincə Rusiya dağılmayacaq”.

Nizami Bağırov