Ölkə 13:03 05.03.2023

Cümhuriyyətin sadiq əsgəri, rusların qənimi Qaçaq Şahverən​​​​​​​

Azərbaycanın qədimdən bu günə qədər tarixdə qalmasında türklərlə yanaşı, digər xalqların çox böyük rolu olub. Xüsusilə aborigen xalqlardan olan talışlar türklərə çiyin-çiyinə bütün işğalçılara qarşı mübarizə aparıblar. Babək dövründə, Səfəvilər dövründə, Əfşarlar dövründə, Cümhuriyyət dövründə və müasir dövrdə talış xalqı türklərlə birgə bütün Vətən döyüşlərində iştirak ediblər. 

Babək dövründən Nadir Şaha qədər yaşılpalatarlı döyüşçülər olan talışlar Azərbaycan Cümhuriyyəti uğrunda sovetlərə, ruslara qarşı böyük döyüşlərdə mübariz insanlar olublar. Onlardan biri də Azərbaycan Cümhuriyyətinin uğrunda bütün sevgisi və gücünü ortaya qoyan Qaçaq Şahverəndir.

Kərbəlayı Şahverən Əsgər oğlunun, qardaşı Əşrəfin adları bu gündə ehtiramla çəkilir. Yaşlı nəsil qardaşların at çapmasından, tüfəng oynatmasından iftixarla danışır. Lənkərandan ustalar gətirilərək qardaşların pulu hesabına burada kərpic kürəsi tikilib. Qırmızı kərpicdən minarəli məscid ucaldılıb. Kürədən çıxan kirəmitlərlə kasıb ailələrin evlərinin damı örtülüb.

Şahverən Lerik rayonun Lüləkəran kəndində anadan olub. Rusların Azərbaycan xalqının başına gətirdiklərini görüb 1912-ci ildən qaçaq həyatını seçib. O zamankı sənədlərdə yazılır: "Zuvand  pristavlığında (indi Lerik) ən böyük dəstəyə Qaçaq Şahverən başçılıq edir. Talış və tatar (türk) döyüşçülərinin birləşdiyi bu dəstə Rusiya İmperiyası üçün təhlükə yaradır”.

1917-ci ildən Lerik ərazisində böyük söz sahibi olan Qaçan Şahverəni aradan götürmək üçün Rusiya polis sistemi böyük dəstə yaradıb. Onlara isə kömək edəm sovetlərə xidmət edən Bala Məmməd Zuvandski idi. Buna baxmayaraq, ona yaxın durmaq çox çətin idi. Qaçaq Şahverən tədbirli və uzaqgörən insan olub. Şahverən Cümhuriyyətə o qədər bağlı idi ki, dostu, türk Camal paşanın yardımı ilə bölgənin pristavı təyin edilmişdi və 1918-20 ci illərdə bu vəzifəni daşıyıb. 
 


Bu gün sovet təbliğatının qurbanı olan şəxslərdən bəziləri Qaçaq Şahverəni "quldur” kimi qələmə verirlər. Bilirsiz niyə? Çünki Şahverən yalnız rus əsgərlərini və zabitlərini harda görürdü dərhal məhv edirdi. Ruslar onun başına çox böyük pullar qoyurdu. Belə informasiya yayırdılar ki, guya Qaçaq Şahverən kəndiləri soyur, talayır. Amma rəsmi qaynaq və sənədlərdə belə məlumata rast gəlmədim. Bu gün o zonanın bəzi adamları elə hesab edirlər ki, Şahverən ruslara qarşı düz savaşmaqla düz etməyib və ona görə də ruslar Lerik və Lənkəran ərazisində çox adama zülm ediblər. Bu düşüncədə olan insanlar çox yanılırlar. Qaçaq Şahverən olmasaydı ruslar Lerik və Lənkəran ərazilərində minlərlə insanı sürgün edib, qətl edərdilər. 

1921-ci ilin yanvarın əvvəllərində Lerik ətrafında Şahverənin başçılıq etdiyi üsyan yenidən alovlandı. Şahverən taktiki gediş edərək, buradakı sovet ordusuna ciddi zərbələr endirdi. Yanvarın 9-dan 26-dək bölgədə gedən döyüşlərdə əlahiddə sovet süvari divizionu 196 nəfər itki verib, 78 nəfər yaralanıb, 75 nəfər isə döyüş qabiliyyətini itirmişdi. Rusların niyyəti onu diri tutmaq idi, ancaq məqsədlərinə çata bilmədilər. Gedib kəndin üstündəki qalada məskən salan Şahverən mübarizəni davam edirdi.

Lakin əlavə qüvvələr, ağır silahlardan istifadə Şahverənin dəstəsini ciddi itki verməsinə səbəb olur. Nəticə o məcbur qalaraq ailəsini götürüb İrana köçür. Orda yenidən dəstə toplayıb geri qayıtmaq üçün çalışır, uzun illər Lerik əhalisinə maddi dəstək edir. 1942-ci ildə İrana daxil olan sovet ordusu burda olan qaçaqları bir-bir məhv edir, amma Qaçaq Şahverənə yaxın dura bilmirlər. Axırda onu namaz qıldığı yerdə kürəyindən güllə ilə öldürülər.

Zaur Əliyev, dosent
 
P.S. Qaçaq Şahverən Azərbaycanın tanınan jurnalisti Vidadi Məmmədovun babasıdır.