Video 11:23 07.03.2022

Dağılmış evlər, kəndlər, səngərləri bir-bir keçib getdik... - Gülüstan Əliyeva (VİDEO)

"30 ildən sonra ilk dəfə Ağdamda Novruz tonqalı yandırıldı, böyük bir bayram şənliyi keçirildi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Gülüstan Əliyeva deyib.
 
O, belə bir tədbirdə iştirak etdiyinə görə, özünü xöşbəxt saydığını bildirib:

"Tədbir Ağdamın Şahbulaq yaylağında keçirildi. İnanırsınız, yol boyunca işğaldan azad olunan torpaqları gördükçə hamımızın əhvalı, vəziyyəti pisləşmişdi. Bilmirdik ki, necə oxuyacayıq. Hamı donub qalmışdı. Varvarlar, düşmənlər Ağdamı bir günə qoyub ki, deyiləsi deyil. Yol boyunca dağılmış evlər, kəndlər, səngərləri bir-bir keçib getdik. Nə qədər çətindir həmin mənzərəni görmək. Bir daha bu torpaqları bizə bəxş edən vətən oğullarımızın ruhu şad olsun. Şəhidlərimizin qanı bahasına aldığı torpaqlardayıq. Düşünürsən ki, bu torpaqları almaq üçün gör nə qədər qanlar tökülüb, igid oğlanlarımız canını fəda edib. Allah nə qədər qazimiz var, onların da ömrünü üzun eləsin”.

Gülüstan Əliyeva Ağdamın həmişə bir strateji məkan olaraq müharibənin önündə olduğunu vurğulayıb:

"Birinci Qarabağ savaşında da çox şəhid verən rayonlardan olub Ağdam. Bu günə şükür, artıq biz doğma Qarabağda və Ağdamdayıq. Bizə bu günləri bəxs edən Ali Baş Komandanımıza təşəkkür edirik, ordumuzu Allah qorusun”.

Bahar Rüstəmli