Siyasət 13:48 27.06.2022

Defolt Rusiyaya hansı problemləri yaradacaq? - Ekspert

Rusiya iyunun 27-nə keçən gecə 1918-ci ildən bəri ilk dəfə xarici valyutada suveren borcunu defolt elan edib. Dövlət istiqrazları üzrə vaxtı keçmiş 100 milyon dollarlıq ödənişin ödənilməsi üçün güzəşt müddəti bazar günü bitib. 

Məsələni Qaynarionfo-ya şərh edən maliyyə-bankl eksperti Əkrəm Həsənov bildirir ki, Rusiyada baş verənlər siyasi defoltdur və ölkənin iqtisadiyyatına ciddi problemlər yaşatmayacaq:

"1998-ci il defoltunda isə Rusiyanın həqiqətən də borclarını ödəməyə vəsaiti yox idi. Rusiyanın borcları xarici valyutada, dollar və digərlərindədir. Amma həmin valyuta ilə ona borcunu icra etməyə imkan vermirlər. Yaxud da bəzi hallarda Moskva bildirir ki, borcu xarici deyil, öz valyutası olan rublla ödəyəcək. 

Hazırda Rusiyanın kifayət qədər imkanı var. Düzdür, valyuta ehtiyatları, qızılı xaricdə həbs olunub. Amma Rusiya daxilində də xeyli vəsait qalmaqdadır. Həmçinin, sanksiyalar fonunda dünyada neftlə qazın qiymətinin qalxması ilə Rusiya xeyli gəlir əldə edir. Ona görə də elan edilən defoltun elə bir iqtisadi əhəmiyyəti yoxdur. 

Rusiya əvvəlki hadisədən fərqli olaraq bu gün heç də ödəniş qabiliyyətini itirən ölkə deyil. Qərbdən fərqli olaraq, Çin, Hindistan kimi nəhənglər Rusiyanı ödəniş qabiliyyətli ölkə hesab edirlər. Lakin uzun müddətli prosesdə Rusiya iqtisadiyyatında ciddi problemlər yaşanacaq. İndilikdə isə bu defolt ciddi problemlərə səbəb olmayacaq”. 

Rüfət Sultan