Dünya 18:20 20.12.2022

Dekabrın 26-27-də Peterburqda MDB dövlət başçılarının görüşü olacaq

Dekabrın 26-dan 27-dək Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Birliyin icraçı katibi Sergey Lebedev məlumat verib.

"Gələn həftə Sankt-Peterburqda MDB dövlət başçılarının eyni dərəcədə vacib, qeyri-rəsmi görüşü olacaq. Rusiya prezidentinin dəvəti ilə bu görüş dekabrın 26-27-də baş tutacaq. Ümid edirik ki, bu, əməkdaşlığımıza əlavə təkan verəcək”, - deyə Lebedev bildirib.

MDB ölkələri liderlərinin görüşünün elanını dekabrın 9-da Rusiya prezidenti Vladimir Putin edib. Rusiya prezidenti sammitin dəqiq tarixini açıqlamasa da, onun Yeni ildən əvvəl Sankt-Peterburqda keçiriləcəyini dəqiqləşdirib.

MDB dövlət başçılarının qeyri-rəsmi görüş çərçivəsində Sankt-Peterburqa sonuncu səfəri oktyabrın 7-də, Vladimir Putinin doğum günündə baş tutub. Həmin vaxt qeyri-rəsmi sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdan Berdıməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər.

Nizami Bağırov