Demək olar ki, hər kəs naməlum nömrələrdən qəribə SMS-lər alıb. Lakin bu cür mesajlar, arxasında real təhlükə daşıya biləcək dələduzluq sxemlərinin bir hissəsi ola bilər.
Qaynarinfo xəbər verir ki, texnologiyanın inkişafı ilə birgə fırıldaqçılar da daha ağıllı və hiyləgər olurlar. Günümüzdə ən geniş yayılmış dələduzluq forması isə telefon vasitəsilə həyata keçirilən saxtakarlıqlardır.
Bank işçisi adı ilə gələn zənglər, guya hesabın bloklanması və ya qəribə maliyyə əməliyyatı barədə xəbərdarlıqlar, yaxud da guya yaxın qohumunuzun bədbəxt hadisəyə düşməsi bəhanəsi ilə pul tələb edən "polis" işçiləri - bunlar artıq tanınmış klassik metodlardır. Amma diqqət yetirməli olduğumuz daha bir üsul da var: fırıldaq SMS-ləri.
Dələduzu mesaj yazışmasından necə tanımaq olar?
Aşağıdakı əlamətlər, bir mesajın dələduzlardan gəldiyini göstərir:
* Orfoqrafik və qrammatik səhvlər;
* Məntiqsiz cümlələr və kontekstdən kənar suallar;
* Şəxsi məlumatlar (kart nömrəsi, SMS kodu və s.) tələb edilməsi;
* Həddindən artıq "cəlbedici” təkliflər – asan qazanc, uduş və s.;
* Təcili qərar qəbul etməyə sövq edən təzyiqlər və hədələr;
* Şübhəli keçidlər;
* Təsadüfi tanışlıqlar, tez baş verən "sevgi etirafları”;
* Pul köçürmək üçün israrlı xahişlər.
Əgər mesajda bu əlamətlərdən biri varsa – reaksiya verməyin, cavab yazmayın və keçidlərə daxil olmayın.
Dələduzlar SMS-lə gələn kodla nə edə bilərlər?
Bəzən telefona gözlənilmədən bir SMS kodu gəlir. Əgər bu kodu fırıldaqçılar əldə etsələr:
* Sizin adınızdan bank əməliyyatı apara;
* Sosial şəbəkə hesablarınıza daxil ola;
* Onlayn alış-veriş edə və ya saxta qeydiyyatlar həyata keçirə bilərlər.
* Bu kodlar, adətən iki faktorlu identifikasiya üçün istifadə olunur – ona görə də heç vaxt başqasına ötürülməməlidir.
Dələduzdan SMS gələndə nə etməli?
Bu qaydalara əməl edin:
* Şəxsi məlumatları, xüsusilə bank və identifikasiya məlumatlarını heç kimlə paylaşmayın;
* Heç bir şübhəli linkə keçid etməyin;
* Tanımadığınız şəxslərin istəklərinə cavab verməyin, pul göndərməyin;
* Dərhal həmin şəxslə ünsiyyəti kəsin;
* Lazım gəldikdə hüquq-mühafizə orqanlarına müraciət edin.
Unutmayın: dələduzlar psixoloji təzyiq və panika ilə sizi çaşdırmağa çalışırlar. Əsas qoruyucu vasitəniz – soyuqqanlı düşünmək və tələsməməkdir.
Aydın
Şərhlər