Siyasət 00:45 01.04.2022

Dənizdən dənizə: Gürcüstan Azərbaycan, Türkiyə və Qazaxıstana qoşuldu

Gürcüstan Trans-Xəzər Şərq-Qərb dəhlizi üzrə qətnaməyə qoşulub

Gürcüstan Azərbaycan, Türkiyə və Qazaxıstanın Trans-Xəzər Şərq-Qərb dəhlizi üzrə imzaladıqları qətnaməyə qoşulub.

Hökumət hesab edir ki, Gürcüstan belə bir regional əhəmiyyətli layihəyə qoşulmaqla regionda mövqeyini bir qədər də möhkəmləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənəddə nəqliyyat dəhlizlərinin inkişafının və tranzit potensialının artırılması, tərəflərin dəhlizin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası sahəsində əməkdaşlığının gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Qətnamədə, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa və Asiya arasında rəqabətqabiliyyətli daşınmaların təşviqində mühüm rolu və xəttin ötürücülük qabiliyyətinin artırılması üçün tikinti işlərinin başa çatdırılmasının önəmi də vurğulanıb.

Bu marşrut üzrə nəqliyyat əməliyyatlarının keyfiyyətinin artırılması məqsədilə infrastruktur layihələrinə investisiya qoyuluşunun həcminin artırılmasının vacibliyi xüsusi qeyd edilib.